Neft ucuzlaşır

Neft ucuzlaşır “Brent”in qiyməti 68,31 dollar/barelə, WTI-ınkı isə 64,86 dollar/barelə düşüb
Energetika
16 Mart , 2021 10:46
Neft ucuzlaşır

Dünya bazarında neft qiymətləri çərşənbə axşamı səhər saatlarında ABŞ-da neft ehtiyatlarının artımının davam edə biləcəyi və Avropada tələbatın azalacağı gözləntiləri ilə azalır.

“Report” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 0,83% azalaraq bir barel üçün 68,31 ABŞ dollara, WTI markalı neftin aprel fyuçersləri isə 0,81% azalaraq 64,86 dollar/barelə düşüb.

ABŞ-ın neft ehtiyatlarında artım gözləntiləri bir çox neftayırma zavodunun fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığı fevral ayındakı şiddətli soyuq hava ilə əlaqədardır. Belə ki, analitiklər əvvəlki hesabat həftəsində 13,8 milyon barel artmış ehtiyatlarda son bir həftə ərzində daha 2,7 milyon barel artım olacağını gözləyirlər.

Bundan əlavə, Avropa Dərman Vəsaitləri Agentliyi (EMA) Avropa İttifaqının bir sıra ölkələrində “AstraZeneca” peyvəndinin eyni partiyasından peyvəndlənmiş və daha sonra bunun fəsadlarına yaşayan pasiyentlərin olması ilə əlaqədar halları araşdırdığını açıqlayıb. Bir sıra Aİ ölkəsi, o cümlədən Avstriya, Estoniya, Litva, Latviya, Lüksemburq, Danimarka, Bolqarıstan, Norveç, İslandiya, Sloveniya, Kipr, İtaliya, Fransa, Almaniya və İspaniya bu peyvəndin istifadəsini dayandırıb.

Belə addımlar peyvəndləmənin yavaş tempi ilə əlaqədar bazar narahatlığını artırıb ki, bu da Avropada koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpa olunmasını ləngidə və neftə tələbatın artmasına mane ola bilər.

Son xəbərlər

Orphus sistemi