Dünya bazarında bu gün neftin qiyməti cüzi olaraq yüksəlib.
“Report” xəbər verir ki, müşahidə olunan bu simvolik artım qiymət dinamikasına ciddi şəkildə təsir edə biləcək faktorların yoxluğu səbəbindən baş verib.
Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Şimal dənizində hasil edilən “Brent” neftinin iyun fyuçersləri 0,08% bahalaşaraq 63 ABŞ dollara satılıb. WTI neftinin may fyuçerslərinin qiyməti isə 0,03% artıb və bir barel üçün 59,34 dollar səviyyəsində qərarlaşıb.
Bir qədər öncə Asiyada koronavirusa yoluxmaların kəskin artması səbəbi ilə sərmayədarlar arasında neftə olan tələbatla bağlı qeyri-müəyyənlik yaranıb. Belə ki, ən ağır vəziyyət Hindistanda müşahidə olunur. Bu ölkədə COVID-19-a 13 milyondan çox yoluxma faktı qeydə alınıb. Bütün bunlar Hindistanda yeni məhdudlaşdırıcı sosial-iqtisadi tədbirlərin tətbiq edilməsinə gətirib çıxara bilər.
Bununla yanaşı, peyvəndləməni sürətləndirməklə koronavirus üzərində “qələbə” qazanmaq ümidləri neftin qiymətinin hələ ki enməməsinə şərait yaradır.
“Virusa yoluxma hallarında artımın öz təsirinin olacağına baxmayaraq, peyvəndləmə kampaniyası çox yaxşı irəliləyir”, – “OCBC Bank”ın iqtisadçısı Houi Li “Bloomberg” agentliyinə deyib.