Dünya bazarlarında neftin qiyməti cümə axşamı səhər saatlarında azalır.
“Report” “Prime”a istinadən xəbər verir ki, bunu sövdələşmə məlumatları göstərir.
Belə ki, Şimal dənizindən hasil olunan “Brent” markalı neftin may fyuçerslərinin qiyməti, Bakı vaxtı ilə saat 08:10-a olan məlumata görə, 0,65% azalaraq bir barel üçün 67,56 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçersləri isə 0,63% azalaraq 64,21 dollar/barelə düşüb.
Dünyada ən böyük neft istehlakçısı olan ABŞ-da neft ehtiyatlarında qeydə alınan növbəti artım cümə axşamı neftin qiymətinə təzyiq göstərməyə davam edir. Çərşənbə günü yayımlanan rəsmi məlumatlar ehtiyatların son bir həftədə 2,4 milyon barel artaraq 500,8 milyon barelə çatdığını göstərib. Eyni zamanda, göstərici ötən ilin dekabr ayının əvvəlindən bəri ilk dəfə 500 milyon həddini aşıb.
İnvestorları həmçinin koronavirusla bağlı vəziyyət və onun tələbə təsiri narahat etməyə davam edir. Bəzi Avropa ölkələri potensial yan təsirləri ilə əlaqədar narahatlıqlara görə “AstraZeneca” şirkətinin COVID-19-a qarşı peyvəndindən istifani dayandırıb. Bu arada Almaniyada koronavirusa yoluxma hadisələrində artım müşahidə olunur. İtaliya Pasxa üçün karantin tədbirlərini sərtləşdirməyi planlaşdırır, Fransa isə daha sərt məhdudiyyətlər tətbiq edir.
Analitiklər qeyd edirlər ki, uzunmüddətli perspektivdə bazarlar nikbindir, ona görə də indi neft qiymətləri dar diapazonda dəyişəcək, gah artacaq, gah azalacaq.