OPEC+ formatı çərçivəsində əldə edilmiş yeni razılaşmaya əsasən, fevral ayından Səudiyyə Ərəbistanı və bir sıra başqa ölkələrdə hasilatın azalması ərəfəsində bu gün günorta hərraclarında neft qiymətləri yenidən artıb.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 13:57-yə olan vəziyyətə görə, “Brent” markalı neftin aprel fyuçersləri 0,64 faiz bahalaşaraq 55,45 ABŞ dollarından, mart fyuçersləri də 0,36 faiz bahalaşaraq 55,73 dollardan, WTI markalı neftin mart fyuçersləri isə 0,31 faiz bahalaşaraq 52,5 dollardan satılıb. Həlbuki səhər hərraclarında qiymətlər əsasən ucuzlaşırdı.
Xatırladaq ki, ilin əvvəlində əldə edilmiş razılaşmaya əsasən, dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı fevral – mart aylarında gündəlik hasilatı əlavə olaraq 1 milyon barel azaltmaq qərarına gəlib.
Bununla yanaşı, axşam saatlarında “Baker Hughes” neft servis şirkəti tərəfindən ABŞ-da fəaliyyətdə olan neft qazma qurğularının sayını açıqlaması ərəfəsindəki nikbinlik də qiymət artımına təkan verib. Belə ki, 15-22 yanvar tarixləri arasında həmin say 2 ədəd artaraq 289-a çatmışdı.