​Neft yenidən 50 dollar/barel həddini keçib

​Neft yenidən 50 dollar/barel həddini keçib Analitiklər: Bu, müvəqqəti qiymət artımıdır
Energetika
30 İyun , 2016 11:14
​Neft yenidən 50 dollar/barel həddini keçib

Bakı. 30 iyun. REPORT.AZ/ Dünya bazarında neft qiymətləri iyunun 29-da, ABŞ Energetika İnformasiyaları İdarəsi (EİA) tərəfindən həftəlik neft ehtiyatlarının azalması haqqında açıqlaması fonunda yüksələrək 51 dollar/barel həddini keçib. "Report" xəbər verir ki, ABŞ-ın strateji ehtiyatları istisna olmaqla kommersiya neft ehtiyatları iyunun 18-24-də 4,1 mln. barel və ya 0,8% azalaraq 526,6 mln. barelə düşüb. 

Analitiklər kommersiya ehtiyatlarının 2,365 mln. barel və ya 0,45% azalacağını proqnozlaşdırıb. Nəticədə, iyunun 29-da 49,34 dollara qədər enən "Brent" markalı neftin qiyməti 4,2% yüksələrək 51,43 dollar/barelə yüksəlib. Lakin sonradan qiymətlər bir qədər geriləyib və hazırda 50,7 dollar/bareldir.

Xatırladaq ki, iyunun 18-24-də ABŞ-ın "Baker Hughes" şirkətinin hesabatına görə, aktiv neft quyularının sayı 3 həftəlik yüksəlişdən sonra yenidən enişə keçib. Belə ki, 27 may-17 iyunda aktiv neft quyularının sayı 21 ədəd və ya 6,6% artaraq 337 ədədə çatdıqdan sonra son hesabat həftəsində 7 ədəd və ya 2,1% azalaraq 330-a enib. 

Analitiklər neft qiymətlərinin 50 dollar/barel səviyyəsində olması halında ABŞ-da şist neft hasilatçılarının dondurulmuş yataqlarda fəaliyyətini bərpa edəcəyini gözləsələr də açıqlanan məlumatlar özünü doğrultmayıb. Almaniya "Kommerzbank"ından verilən açıqlaya əsasən, "Brexit"in dünya maliyyə bazarlarına təsiri öz effektini itirməyə başlaması ilə fundamental iqtisadi amillər neft qiymətlərinin istiqamətini müəyyən edəcək. Bununla yanaşı, Norveç və Venesueladan gələn tətil xəbərləri də neft qiymətlərinin artmasına dəstək verib.

"Report"un analitik qrupu hesab edir ki, neft qiymətlərinin artması müvəqqəti xarakter daşıyır. B.Britaniyanın Avropa İttifaqından ayrılması qərarından sonra bu ölkənin və Avrozonanın iqtisadi artım tempini yavaşlatmasını göstərən məlumatların açıqlanması neftə tələbatı azaldacaq və qiymətlər aşağı enməyə başlayacaq.

Son xəbərlər

Orphus sistemi