Neft bazarında tələbatın dirçəlməsinə dair şübhələrin artması qiymətlərin azalmasına səbəb olub.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 13:47-ə olan vəziyyətə görə, “Brent” markalı neftin may fyuçersləri 1,15 faiz ucuzlaşaraq 68,09 ABŞ dollarından, WTI markalı neftin aprel fyuçersləri isə 1,21 faiz ucuzlaşaraq 64,59 dollardan satılıb.
Avropada koronavirusdan peyvəndləmə məsələsində qeyri-müəyyənliyin qalması, bir sıra ölkələrdə də epidemioloji vəziyyətin ciddiləşməsi neft bazarında tələbatın dirçələcəyinə dair bədbinliyin artmasına gətirib çıxardı.
“Bloomberg” xəbər verir ki, “Saxo Bank” ekspertlərinin fikrincə, OPEC aprel ayındakı görüşü zamanı hazırkı hasilat səviyyəsini davam etməyi qərarlaşsa, neft bazarının gələcəyinə dair bədbinlik daha da arta, nəticədə qiymətlər azala bilər. “Gələn ay hasilat artımına şahid olmasaq, qiymətlər azalmağa başlayacaq, çünki bazar bunu OPEC-in hasilatı artırmağa zəmanət verəcək qədər güclü tələbat görməməsi kimi yozacaq”, - deyə “Saxo Bank”ın Xammal strategiyası şöbəsinin müdiri Ole Hansen qeyd edib.
Xatırladaq ki, OPEC+ formatı iştirakçılarının mart görüşü zamanı bütün iştirakçı ölkələr üçün gözlənilməz olaraq cari hasilat həcminə davam etmək qərarı verildi. Bununla belə Rusiya aprel ayında gündəlik hasilatı 130 min barel, Qazaxıstan da 20 min barel artıra biləcək. OPEC+ Nazirlər Monitorinq Komitəsinin növbəti iclası martın 31-də, iştirakçı ölkələrin görüşü də aprelin 1-də keçiriləcək.