Dünya üzrə elektromobillərə intensiv şəkildə keçid qlobal neft tələbatının pik həddə çatmasını sürətləndirəcək.
“Report” xəbər verir ki, bu barədə “Rystad Energy” konsaltinq şirkətinin proqnozunda deyilir.
Belə ki, şirkətin ekspertləri 2026-cı ildə neft tələbatının pik həddə, yəni sutkada 101,6 milyon barelə çatacağını gözləyirlər.
Koronavirus pandemiyası başlamazdan əvvəl “Rystad Energy” ekspertləri neft tələbatının pik həddə 2030-cu ildə çatacağını və sutkada 106 milyon barel təşkil edəcəyini gözləyirdilər.
Bir qədər öncə “Goldman Sachs” investisiya bankı bildirib ki, nəqliyyat sektorunda neft istehlakı 2026-cı ildə ən yüksək səviyyəsinə çatacaq. Bankın analitikləri hesab edir ki, bu, elektromobillərin tətbiqinin sürətlənməsi səbəbindən baş verəcək.
Cari onillikdə ümumi neft istehlakı aviasiya kerosinindən istifadə və neft kimyası sayəsində artmağa davam edəcək, lakin 2025-ci ildən sonra artım zəif olacaq.
Bu arada Britaniyanın BP şirkəti neft tələbatının pikinin 2019-cu ildə geridə qaldığını, OPEC isə ən yüksək həddin 2040-cı ildə olacağını gözləyir.