Neft qiymətlərinin artması “Balaxanı” yatağının ARDNF-ə ödənişlərini artırıb

Neft qiymətlərinin artması “Balaxanı” yatağının ARDNF-ə ödənişlərini artırıb 2020-ci ildə Azərbaycanın quruda yerləşən “Balaxanı” neft yataqları bloku üzrə faktiki hasilat 1,57 mln barrel təşkil edib
Energetika
9 İyun , 2021 15:49
Neft qiymətlərinin artması “Balaxanı” yatağının ARDNF-ə ödənişlərini artırıb

2020-ci ildə Azərbaycanın quruda yerləşən “Balaxanı” neft yataqları bloku üzrə faktiki hasilat 1,57 milyon barrel təşkil edib.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.

Məlumata görə, bu, proqnoza (1,58 milyon barrel) nisbətən 99,4% təşkil edir.

Bu yataqlar üzrə Dövlət Neft Fonduna 6,26 milyon ABŞ dolları məbləğində vəsait daxil olub ki, bu da büdcədə nəzərdə tutulmuş 4,26 milyon ABŞ dolları məbləğində vəsaitə qarşı 46,95% çoxdur, bu da 2020-ci ildə əməliyyat şirkətinin mənfəət vergisinin yaranmaması, 2020-ci ilin sonunda neft qiymətlərinin artması ilə əlaqədardır.

Qeyd edək ki, “Balaxanı-Sabunçu-Ramana” neft-qaz yatağı Bakı şəhərindən 12 km şimal-şərqdə yerləşir. Yatağın tutduğu sahənin uzunluğu 10 km, eni isə 3 km-dir. Oroqrafik cəhətdən bu yataq en istiqamətdə uzanan düzənliyi xatırladır. Düzənliyin qərbində yerləşən Balaxanı sahəsində Boğ-Boğa palçıq vulkanı yerləşib. Qərbdə hündürlüyünü saxlayan bu vulkan şərqdə yüksəkliyini itirərək Zabrat düzənliyi ilə əvəz olunur. Cənubda en istiqamətində uzanan Böyükşor və Ramana gölləri yerləşib. Bu yataq demək olar ki, 1869-cu ildə kəşf olunub və 1871-ci ildən istismar olunur. İstismar olunan fondda 1 124 quyu və fəaliyyətsiz quyular fondunda isə 328 quyu var.

Xatırladaq ki, "Balaxanı" yatağı "Balaxanıneft" Neft və Qaz Çıxarma İdarəsi (SOCAR-ın strukturu) tərəfindən işlənir. 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti və Almaniyanın "UGE-Lanser PTI" şirkəti Balaxanı, Sabunçu, Ramana və Kürdəxanı quru yataqlarının daxil olduğu blokun kəşfiyyatına, reabilitasiyasına, işlənməsinə və hasilatına dair (PSA) 25 illik müqavilə imzalayıblar. Müqavilə sahəsi 16,14 kvadrat kilometr təşkil edir.

Müqaviləyə görə SOCAR-ın payı 25%, "Lancer"in isə 75%-dir.

Son xəbərlər

Orphus sistemi