Yuxarı
    Bağlamaq

    ​Neft kəskin bahalaşa bilər

    Proqnoz: Neftin qiyməti 75 dollar/barelə qədər bahalaşa bilər

    Bakı. 10 iyul. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin növbəti həftə ərzində kəskin yüksəlməsi istisna edilmir. Buna İranla "6-lıq" ölkələri arasında aparılan müzakirələrin müsbət nəticələnməməsi səbəb ola bilər.

    "Report"un verdiyi xəbərə görə, son günlər İranla "6-lıq" ölkələrinin nüvə razılaşması əldə etməyə çox yaxın olması barədə rəsmi açıqlamalar yayılsa da, razılaşmanın həyata keçməsi üçün hələ də kritik 2-3 məsələnin həll olunmadığı bildirilir. Bu məsələlərdən ən önəmlisi İrana qarşı tətbiq olunan silah embarqosunun qüvvədə qalması ilə bağlıdır. İran tərəfi bu şərti qəbul etmir. Qərb İrana qarşı silah embarqosunun qaldırılması durumunda İranın onsuz da müharibələr içində olan Orta Şərqdəki vəziyyəti daha da gərginləşdirəcəyini bildirir. Bu səbəbdən, dünən ABŞ və Avropa İttifaqı razılaşmadan vaz keçə biləcəklərini açıqlayıblar.

    Eyni zamanda, İranın xarici işlər nazirinin müavini Seyyid Araqçı bildirib ki, əgər Qərb razılaşma əldə etmək istəyirsə, bütün sanksiyaları qaldırmalıdır: "Razılaşma 96% əldə olunub. Silah embarqosu İran üçün o qədər də önəmli olmasa da, bizimlə anlaşma əldə etmək üçün ümumiyyətlə sanksiyalar aradan götürülməlidir".

    "Reuters" agentliyi qeyd edir ki, dünəndən etibarən tərəflərin mövqeləri dəyişib və hər iki tərəf özünün danışıqlardakı "qırmızı xətt"ini ortaya qoyub".

    Dünən axşam ABŞ-ın dövlət katibi Con Kerri sərt bəyanat verib: "Biz müzakirə masası ətrafında uzun müddət otura bilmərik".

    Xatırladaq ki, razılaşma əldə olunmasa, neftin qiytmətinin kəskin bahalaşması proqnozlaşdırılır. Çünki son günlər razılaşmanın əldə olunacağı ehtimalı ilə neftin qiyməti 10 dollar/barelə yaxın düşüb. Dünəndən etibarən yüksəlməyə başlayan neft qiymətləri hər barel üçün 3 dollara yaxın artıb. ABŞ-dan gələn iqtisadi göstəricilər də hazırda neft qiymətlərinin lehinədir. Dünən açıqlanan "işsizlik müraciətləri" göstəricisinin proqnozlardan yüksək gəlməsi ABŞ iqtisadiyyatının hələ də normal inkişaf tempi əldə etmədiyini göstərdiyinə görə, Federal Ehtiyat Sisteminin uçot dərəcəsini bu il ərzində artırması çətinləşir. Nəticədə, ABŞ dolları zəifləyə bilər. Bu da neftin qiymətinin artmasını dəstəkləyəcək. Bu ssenarilər baş tutarsa, artımın 72-75 dollar/barelə qədər davam etməsi ehtimal olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi