Ötən həftə hasilatın azalması və Çində yüksək tələbat nəticəsində neft bazarında yaranan geriləmə koronavirusa yoluxmanın da artması ilə təkan alıb.
“Report” xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 10.30-a olan vəziyyətə görə, “Brent” markalı neftin mart fyüçersi 0,47 faiz ucuzlaşaraq 54,84 ABŞ dollarından, WTI markalı neftin fevral fyüçersi də 0,34 faiz ucuzlaşaraq 52,24 dollardan satılıb.
Son vaxtlar böyük artım yaşayan neft bazarında hazırda bir növ fasilə yaranıb. “Bazar üçün başlıca hadisə ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi, xüsusilə də bəyan etdiyi dəstək proqramının nə qədər tez işə salacağıdır”, – “Oversea-Chinese Banking Corp.”un eksperti Houi Li “Bloomberg”ə bildirib.
ABŞ-ın “Baker Huges” neft xidmətləri şirkətinin cümə günü açıqlanan məlumatlarından göründüyü kimi, ABŞ-da fəaliyyət göstərən buruqların sayı ötən həftə 12 ədəd artaraq 287-ə çatıb. Belə ki, səkkiz həftədir artım göstərən buruq sayı yenə də ötənilki 386-dan xeyli geridədir. Bununla belə qiymət artımı qazma işlərinə marağa təkan vermişdi.