Bolqarıstan Energetika Nazirliyi: SOCAR ilə ənənəvi mehriban əlaqələr ildən-ilə dərinləşir

Bolqarıstan Energetika Nazirliyi: SOCAR ilə ənənəvi mehriban əlaqələr ildən-ilə dərinləşir
Energetika
29 Dekabr , 2018 16:31
Bolqarıstan Energetika Nazirliyi: SOCAR ilə ənənəvi mehriban əlaqələr ildən-ilə dərinləşir

Bakı. 29 dekabr. REPORT.AZ/ "Bolqarıstan energetika sahəsində SOCAR ilə strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirir".

Bu barədə "Report"a Bolqarıstan Energetika Nazirliyindən ölkənin Azərbaycanla hazırkı energetika əlaqələrinin vəziyyətini şərh edərkən bildiriblər.

"Bizim üçün "Şahdəniz" qaz yatağının ikinci fazasından Bolqarıstana 1 milyard kubmetr təbii qazın tədarükünün təmin edilməsi son dərəcə vacibdir. 2020-ci ildən sonra Azərbaycanın "Şahdəniz-2" yatağından təchiz edəcəyi təbii qaz faktiki olaraq, Bolqarıstanın təbii qaz istehlakının 25-30%-ni əhatə edəcək. Bu, kifayət qədər böyük paydır və bizim enerji təhlükəsizliyimizi ciddi şəkildə artıracaq, Bolqarıstan qaz bazarında rəqabətə yardım edəcək", - nazirliyin mətbuat xidmətindən vurğulayıblar.

Bundan əlavə, qeyd olunub ki, Bolqarıstan hökuməti qonşu ölkələrlə birləşdirici xətlərin tikintisi yolu ilə qaz tədarükünün şaxələndirilməsini təmin etmək üçün fəal şəkildə çalışır.

"Yunanıstan ilə interkonnektorun (IGB) əhəmiyyəti böyükdür. Onun həyata keçirilməsi artıq geridönüşü olmayan proses halına gəlib. Hazırda bütün əsas tender prosedurları keçirilir, odur ki, 2020-ci ildə IGB kommersiya istifadəsinə veriləcək, elə o zaman da Azərbaycandan ilk təbii qaz tədarükü gözlənilir" , - nazirliyin nümayəndələri bildiriblər.

Bolqarıstan Energetika Nazirliyi həmçinin Cənub Qaz Dəhlizinin tikintisi məsələsində Azərbaycana dəstəyini qeyd edib.

"SOCAR ilə tərəfdaşlığımızın digər vacib cəhəti ondan ibarətdir ki, Bolqarıstan Energetika Nazirliyi Avropa Komissiyasının CEF (Connecting Europe Facility) Enerji Proqramı çərçivəsində SOCAR-ın TANAP-da xüsusi fəaliyyətlərin icrası üçün qrant müraciətinə instutsional dəstəyini təmin edir", - nazirlik şərh verib.

Nazirliyin mətbuat xidməti həmçinin bu ilin yanvar ayında Bolqarıstanın Baş naziri Boyko Borisov və onun başçılıq etdiyi hökumət nümayəndə heyətinin Bakıda SOCAR nümayəndələri ilə görüşünü də yüksək qiymətləndirib, SOCAR-ın Bolqarıstanda bələdiyyələrin qazlaşdırılmasına maraq göstərdiyini xatırladıb.

"Məlum olduğu kimi, şirkət analoji layihəni Gürcüstanda da həyata keçirib və onun Bolqarıstanın daxili qaz bazarına daxil olması istehlakçıların xeyrinə olacaq. Bir variant Azərbaycan qazının istilik vauçerlərinə alternativ kimi enerji daşıyıcılarına daxil edilməsidir. Bu perspektiv atılacaq mümkün konkret addımların dəqiqləşdirilməsi üçün detallı şəkildə təhlil olunur", - Bolqarıstan Energetika Nazirliyinin mətbuat xidmətindən deyiblər.

Bundan başqa, Energetika Nazirliyindən "Bulqartransqaz" və SOCAR arasında ötən il imzalanmış, məqsədi təbii qaz tədarükü üçün əlavə marşrut, eləcə də Bolqarıstan üzərindən Cənub-Şərqi Avropanın digər bazarlarına tranzit imkanlarının araşdırılması olan Anlaşma Memorandumu da qeyd edilib: "Bütün bunlar tərəflərin energetika sahəsindəki ənənəvi mehriban münasibətlərin dərinləşməsində maraqlı olduğuna bariz nümunədir".