Nazir müavini: “Azərbaycanın “mavi hidrogen” istehsalı sahəsində rəqabət üstünlüyü var”

Energetika
  • 14 may, 2025
  • 17:40
Nazir müavini: “Azərbaycanın “mavi hidrogen” istehsalı sahəsində rəqabət üstünlüyü var”

Azərbaycanın “mavi hidrogen” istehsalı sahəsində rəqabət üstünlükləri var.

"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində “Azərbaycan: “yaşıl artım” və əlaqəliliyin formalaşan qapısı” adlı panel müzakirəsində deyib.

E.Sultanovun fikrincə, Azərbaycanın “mavi hidrogen” istehsalı sahəsində rəqabət üstünlüyü var.

O söyləyib ki, enerji keçidi şəraitində təkcə elektronlar kifayət deyil - molekullar da əsas rol oynayır.

"Açıq danışsaq, Azərbaycanın qlobal hidrogen gündəminin ön sıralarında olacağını gözləmək lazım deyil. Lakin böyük miqyaslı ofşor külək parkları yaratmaq barədə layihələr bizi hidrogen, xüsusilə də "yaşıl hidrogen” haqqında ciddi düşünməyə vadar edib. Məsələ ondadır ki, enerji saxlama sistemləri hələ də çox bahalıdır. “Yaşıl hidrogen” isə əksinə, həm saxlama forması, həm də əmtəə kimi çıxış edə bilər", - nazir müavini izah edib.

Onun sözlərinə görə, bərpa olunan enerji mənbələrindən həddindən artıq elektrik enerjisi istehsalı zamanı, xüsusilə aşağı tələb dövrlərində, artıq enerji hidrogen istehsalına yönəldilə bilər: “Bu da itkilərin (curtailment) qarşısını almağa imkan verir. Bu hidrogeni daha sonra pik saatlarda elektrik enerjisinin yenidən generasiyası üçün istifadə etmək olar. Bundan əlavə onu ammonyak və ya “maye hidrogen” şəklində ixrac etmək olar".

E.Soltanov vurğulayıb ki, EBRD ilə birlikdə Azərbaycanda artıq hidrogen enerjisi sahəsində tədqiqatlar aparılıb: “Xüsusilə, ölkənin “mavi hidrogen” istehsalında güclü mövqeləri var. Bizim karbon tutulması və saxlanması üçün infrastrukturumuz qismən mövcuddur. Lakin "yaşıl həllər”in tədqiq edilməsində israr edirik - çünki qlobal trendlərlə ayaqlaşmaq istəyirik".

O həmçinin qeyd edib ki, beş il əvvəl müşahidə olunan "yaşıl hidrogen"ə dair optimizm əhəmiyyətli dərəcədə azalıb: “Lakin nazirlik tərəfindən təşəbbüs göstərilən hər bir tədqiqat və ya konsaltinq layihəsində hidrogen enerjisi bloku vacib olaraq qalır”.

"Xəzər dənizinin potensialı, külək üzrə imkanlarımız, boru kəməri və liman infrastrukturunun mövcudluğu elektronların və molekulların bir-birini tamamlayacağı simbiotik enerji ekosisteminin yaradılmasına imkan verə bilər. Məhz bu, Azərbaycanın davamlı enerji gələcəyinin açarıdır", - E.Soltanov yekunlaşdırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti