Azərbaycanda bərpa olunan enerji layihələrinə görə 300 milyon kubmetr qaza qənaət olunacaq

Azərbaycanda bərpa olunan enerji layihələrinə görə 300 milyon kubmetr qaza qənaət olunacaq Bu gün Azərbaycanda bərpa olunan enerjinin qoyuluş gücünün payı 17% təşkil edir.
Energetika
19 Fevral , 2020 11:29
Azərbaycanda bərpa olunan enerji layihələrinə görə 300 milyon kubmetr qaza qənaət olunacaq
Freepik.com

Bu gün Azərbaycanda bərpa olunan enerjinin qoyuluş gücünün payı 17% təşkil edir.

“Report”un məlumatına görə, bunu Energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən il elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin payı 7,3% təşkil edib. Azərbaycan qalan 93% elektrik enerjisini istehsal etmək üçün təbii qazdan istifadə edib.

Bu gün Azərbaycanda elektrik enerjisinin əldə edilməsində daş kömürdən və demək olar ki, dizeldən istifadə edilmir.

Nazir müavini bildirib ki, bərpa olunan enerjinin qoyuluş gücünə 1230-1279 MVt hidro stansiyalardan,141 MVt isə külək, günəş və biokütlədən əldə edilən enerji daxildir: “Bu sahədə Azərbaycan bir az geridədir və bu səbəbdən bu sahədə işlərimizi daha da sürətləndirməliyik. Əsas hədəfimiz 2030-cu ilə qədər Azərbaycanda istehsal olunan 30% enerjinin bərpa olunan enerjidən əldə edilməsinə nail olmaqdır. Artıq bu istiqamətdə addım atılıb və “ ACWA Power” və “Masdar” şirkətləri ilə  440 MVt gücündə külək və günəş enerjisi layihələri üçün icra sazişi imzalanıb”.

E. Soltanov bildirib ki, burada təbii ki, Azərbaycana 400 milyon ABŞ dolları məbləğində xarici və özəl investisiyadan söhbət gedir: “Dövlət bu sahəyə özəl investisiyanı daxil etmək niyyətindədir. Bu özəl şirkətlərin də təklif etdikləri qiymətlər Azərbaycanda onsuz da aşağı olan tariflə tənzimlənən qiymətlər səviyyəsindədir. Əsas uğur da bundadır. Digər tərəfdən, bu investisiyaların yatırılması və bərpa olunan enerji sahəsinin inkişafı Azərbaycanda ekologiyaya bir töhfədir. Bundan başqa, 440 MVt sistem qurulduqdan sonra Azərbaycanda 300 milyon kubmetr qaz istifadəsiz qalacaq. Müqayisə üçün deyim ki, bu həcmlər Naxçıvan Muxtar Respublikasının illik olaraq istifadə etdiyi miqdardan daha çoxdur. Yaxud da Azərbaycanda əhalinin istifadə etdiyi qazın 10 faizindən danışırıq. Biz bu həcmləri də ixrac edib Azərbaycana əlavə valyuta gətirə bilərik”.

Nazir müavini qeyd edib ki, Azərbaycan bu prosesə nə qədər tez qoşulsa da, bərpa olunan enerjini var olan enerji sisteminə inteqrasiya etmək çox mürəkkəb məsələdir: “Çünki külək hər zaman əsmir, günəş hər zaman şüasını bəxş etmir. Oradakı dəyişkənlik daha da sürətlənəcək və Azərbaycan XXI əsrin, yeni dünyanın çağırışlarına qarşı meydan oxuyacaq”.

Son xəbərlər

Orphus sistemi