Yuxarı
    Bağlamaq

    Naxçıvandakı bütün elektrik stansiyaları gücləndirilmiş iş rejiminə keçib

    Dinlə

    Bakı. 4 iyul. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında havaların normadan artıq isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb. 

    "Report"un məlumatına görə, buna görə də muxtar respublikanın elektrik stansiyalarında hər hansı qəzanın baş verməməsi üçün mərkəzi dispetçer xidmətinin işi gücləndirilib.

    Havaların kəskin istiləşməsi əhalinin kondisioner və soyuducudan daha çox istifadə etməsini aktuallaşdırıb. Bu da təbii ki, elektrik enerjisinin məsrəfini artırıb.

    Digər tərəfdən, havaların bu cür isti keçməsi və günəşli günlərin sayının çoxalması Naxçıvan Günəş Elektrik Stansiyasında əlavə enerji ehtiyatının yaranmasına səbəb olub. Nəticədə elektrik enerjisi istehsalı da artıb.

    22 meqavat gücə malik olan stansiyada hava temperaturuna uyğun olaraq qabaqlayıcı tədbirlər görülüb. Ehtiyat üçün soyutma sistemlərinin fəaliyyəti gücləndirilib.

    Alternativ enerji mənbəyi sayılan stansiyanın ümumi istehsalı 33 milyon kilovatsaata yaxındır. Naxçıvan Günəş Elektrik Stansiyasına 2 meqavatlıq yarımstansiya əlavə edilib. Artırılma nəticəsində hər birinin gücü 260 volt olan 8 minə yaxın panel quraşdırılıb.

    Qeyd edək ki, son 12 ildə muxtar respublikada 6 yeni elektrik stansiyası tikilərək istismara verilib, mövcud generasiya müəssisələri yenidən qurularaq modernləşdirilib. Görülən işlər nəticəsində muxtar respublikanın enerji gücü 239,4 meqavata çatdırılıb. Bu da Naxçıvanın enerjiyə olan tələbatını artıqlaması ilə ödəyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi