Naxçıvanda alternativ enerji mənbələrinin istehsal payı artıb 

Energetika
  • 09 avqust, 2024
  • 14:30
Naxçıvanda alternativ enerji mənbələrinin istehsal payı artıb 

Naxçıvanda ötən ilin iyul ayı ilə müqayisədə alternativ enerji mənbələrində istehsal olunan enerjinin payı artıb.

"Report"un yerli bürosu bu barədə 2024-cü ilin iyul ayında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarının texniki-iqtisadi göstəricilərinə istinadən xəbər verir.

Cari ilin iyul ayında istehsal olunan ümumi elektrik enerjisinin 46,92 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür.

İstehsal olunan elektrik enerjisi İstilik Elektrik Stansiyalarında (İES) 28 097 000 kilovat-saat, Su Elektrik Stansiyalarında (SES) 18 636 208 kilovat-saat, digər alternativ və bərpa olunan mənbələri üzrə isə 6 199 816 kilovat-saat olub.

2024-cü ilin iyul ayı üzrə istehsal olunan ümumi elektrik enerjisinin:

- 53,08 %-i İstilik Elektrik Stansiyalarında;

- 35,21 %-i Su Elektrik Stansiyalarında;

- 11,71 %-i Günəş Elektrik Stansiyasında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ enerji mənbələrində istehsal olunan enerjinin payı 11,57 faiz artaraq 46,92 faizə çatıb.