Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) Naftalan şəhəri üzrə “Qonaqların qəbulu şöbəsi” mövzusunda təşkil etdiyi onlayn təlimi müvəffəqiyyətlə başa vuran 12 iştirakçı təltif olunub.
Bu barədə "Report"a DTA-dan məlumat verilib.
Onlara Gəncə Destinasiya Menecmenti Təşkilatı tərəfindən Turizm Təlim və Sertifikasiya Mərkəzinin sertifikatları təqdim edilib.
Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş təlimdə ümumilikdə şəhərdə fəaliyyət göstərən 10 sanatoriyanı təmsil edən 27 nümayəndə iştirak edib.
3 gün davam edən təlim ərzində onlara qonaqların düzgün formada qəbulu, qarşılanma, qeydiyyat və digər xidmətlər barədə ətraflı məlumat verilib.
Gəncə-Qazax iqtisadi rayonunda turizm sənayesi üzvlərinin ehtiyaclarına və pandemiya qaydalarına uyğun olaraq onlayn və canlı təlimlərin mütəmadi şəkildə keçirilməsi nəzərdə tutulur.