“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinq üzrə proqnozunu "Sabit"dən "Müsbət"ə dəyişib.
“Report” xəbər verir ki, bu barədə Agentliyin yaydığı məlumatda qeyd edilir.
Eyni zamanda “Moody’s” SOCAR-ın korporativ ailə reytinqini (CFR) Ba2, mümkün defolt reytinqini Ba2-PD, ilkin kredit qiymətləndirilməsi üzrə reytinqini b1 və şirkətin təminatsız istiqrazların reytinqini Ba2 səviyyəsində təsdiq edib.
Qeyd edilən proqnoz dəyişikliyi agentliyin aprelin 6-da Azərbaycanın reytinqi və reytinq üzrə açıqladığı proqnoza uyğun olaraq həyata keçirilib: “Bugünkü reytinq şirkətin suveren reytinq fəaliyyətinə uyğundur və SOCAR-ın dövlətlə güclü kredit bağlarını, habelə Azərbaycanda mövcud olan əməliyyat və makroiqtisadi mühitə təsirini əks etdirir.
Azərbaycanın reytinq üzrə proqnozunun "Müsbət"ə dəyişməsi ölkədə idarəetmənin, o cümlədən siyasətin effektivliyinin yaxşılaşması ilə uyğundur. Həmçinin bu addımlar Azərbaycanın kredit profili üzrə dayanıqlığını artıracaq. Xüsusilə monetar və makro siyasət çərçivəsində bank sektorunun şoklara qarşı davamlılığını artırmaq məqsədi ilə sabitliyin təşviqi, fiskal buferlərdən effektiv istifadə hökumətin maliyyə və borc göstəricilərindəki pisləşmənin qarşısını ala bilər”.
“Moody’s” SOCAR-la bağlı gözləntilərini də açıqlayıb: “Nəticədə SOCAR-ın əməliyyat və makrtoiqtisadi mühitinin mərhələli şəkildə inkişaf edəcəyini və bunun onun kredit portfelinə dəstək verəcəyini gözləyirik”.
Agentlik əlavə edib ki, şirkətin dövlətlə sıx bağlılığı, hər hansı maliyyə sıxıntısı zamanı dövlətin SOCAR-a daim dəstək verməsi bu kredit reytinqinin qiymətləndirilməsi zamanı nəzərə alınıb.