Yuxarı

​Monteneqroda İonik-Adriatik Boru Kəmərinin iclası keçirilib

İclasda “SOCAR Balkan” şirkətinin baş icraedici direktoru Murad Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti müşahidəçi qismində iştirak edib

Bakı. 6 may. REPORT.AZ/ Bu gün Monteneqronun iqtisadiyyat naziri Vladimir Kovariçin təşəbbüsü ilə Budva şəhərində Xorvatiyanın energetika naziri Tomislav Palenic, Albaniyanın energetika naziri Damian Gjiknuri və Bosniya və Herseqovinanın Energetika Nazirliyinin nümayəndələrinin iştirakı ilə İonik-Adriatik Boru Kəmərinin (IAP) nazirlər səviyyəsində iclası keçirilib.

Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, Azərbaycanı təmsil edən “SOCAR Balkan” şirkətinin baş icraedici direktoru Murad Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda müşahidəçi qismində iştirak edib. 

IAP-ın iclasının iştirakçıları layihənin həyata keçirilməsi ilə bağlı inkişafı nəzərdən keçirib və layihə işlərinin daha effektiv əlaqələndirilməsini təmin etmək, habelə qərarların qəbul edilməsi prosesinin səmərəliliyini artırmaq məqsədilə daimi işçi bölməsinin yaradılmasına dair razılığa gəliblər. 

Nazirlər İonik-Adriatik Boru Kəmərinin nazirlər səviyyəsində iclasının nəticələrinə dair birgə bəyanat qəbul ediblər. "Cənub Qaz Dəhlizi" çərçivəsində Azərbaycanın rolu nəzərə alınaraq, SOCAR daimi işçi bölməsinin fəaliyyətinə dəstək göstərməyə dəvət olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi