Energetika naziri Pərviz Şahbazov Monqolustanın Türkiyə Respublikasında, eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri cənab Bold Radvanı qəbul edib.
Bu barədə "Report" Energetika Nazirliyinə istinadən xəbər verir.
Görüşdə energetika sahəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri, gələcək əməkdaşlıq imkanları, həmçinin müvafiq sahə üzrə təcrübə və məlumat mübadiləsi məsələləri müzakirə edilib.
Səfir Azərbaycan torpaqlarının erməni işğalından azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası münasibəti ilə təbriklərini çatdırıb. Son illərdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdiyinə diqqət çəkib və qarşılıqlı əlaqələrin bundan sonra da yüksək səviyyədə davam edəcəyinə inamını ifadə edib.
Monqolustanda hazırda inkişaf mərhələsində olan neft-qaz, xüsusi ilə bu enerji daşıyıcılarının nəqli və emalı sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsində, həmçinin külək və günəş enerjisi kimi bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Səfir həmçinin iki monqolustanlı tələbənin Azərbaycan Sənaye Universitetində təhsil almalarına göstərilən dəstəyə görə təşəkkür edib.
Hələ ötən əsrin ortalarında Azərbaycanlı mütəxəssislərin Monqolustanda ilk neft quyusunun qazılmasında iştirak etdiyini, həmçinin həmin dövrlərdən etibarən Monqolustanlı tələbələrin Azərbaycanda müvafiq istiqamətlərdə təhsil aldıqlarını diqqətə çatdırıb.
Nazir təbrikə görə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin Azərbaycanın ərazi bütövlüyünün bərpası çərçivəsində həllinə verilən dəstəyə görə təşəkkür edib. İki ölkə arasında yüksək münasibətlərin olduğunu, eyni zamanda enerji sahəsində də münasibətlərin inkişaf etdiyini bildirib, qeyd edilmiş sahələrdə Azərbaycan təcrübəsini bölüşməyə və qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlıq etməyə hazır olduğumuzu diqqətə çatdırıb.
Görüşdə, həmçinin, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Monqolustanın Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması və digər məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.