Bakı. 24 sentyabr. REPORT.AZ/ Misir hökuməti İtaliyanın ENİ və Böyük Britaniyanın BP şirkəti ilə Nil çayı hövzəsindəki yeni neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı üçün 3 müqavilə imzalayıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Misirin neft və təbii ehtiyatlar nazirliyindən bildirilib.
Məlumata görə, müqavilələrdə məcmu investisiyanın 595 mln. ABŞ dolları olacağı qeyd olunub. Sənədlərin imzalanmasından sonra Misirin neft naziri Tarek əl-Mula deyib ki, ölkəsi son 3 ildə xarici neft şirkətləri ilə ümumi dəyəri 15 mlrd. dollar olan 70 müqavilə imzalayıb.
Misirin imzaladığı yeni müqavilələrin neft bazarında əlavə təklif yaradacağı və qiymətlərin artmasına mane olacağı bildirilir.