Misir SOCAR-ı yetkin yataqların işlənməsinə dəvət edib
- 16 aprel, 2025
- 11:54
Misir Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə enerji sahəsində uzunmüddətli tərəfdaşlıq qurmaqda maraqlıdır.
“Report” Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Kərim Bədəvi Azərbaycanın Qahirədəki səfiri Elxan Poluxov və SOCAR-ın biznesin inkişafı direktoru Zaur Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
Nazir SOCAR-ın neft-qaz sahəsində zəngin təcrübəyə malik olduğunu qeyd edərək, bu tərəfdaşlığın Misirin regional əməkdaşlığı gücləndirməyə və birgə layihələrin həyata keçirilməsinə yönəlmiş strategiyasına uyğun gəldiyini vurğulayıb.
Görüşdə Misirin neft sektoruna, xüsusilə neft və qaz kəşfiyyatı, həmçinin hasilat sahələrinə sərmayə qoyuluşu imkanları müzakirə olunub. Eyni zamanda, Misirin Baş Neft Korporasiyası ilə SOCAR arasında əməkdaşlıq perspektivləri, eləcə də hasilatın artırılması məqsədilə yetkin yataqların işlənməsi imkanları nəzərdən keçirilib.
Azərbaycanın Misirdəki səfiri ölkəsinin enerji sahəsində bu ölkə ilə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu təsdiqləyib və konkret praktiki addımların atılmasının vacibliyini diqqətə çatdırıb. Diplomat həmçinin SOCAR və Azərbaycan üçün prioritet istiqamətlərdən biri kimi bərpa olunan və “yaşıl enerji” sahəsində əməkdaşlığın araşdırılmasının əhəmiyyətini vurğulayıb.
K. Bədəvi öz növbəsində qeyd edib ki, Misirin neft-kimya sektoru artıq "yaşıl enerji" sahəsində bir sıra layihələr həyata keçirib. Bu layihələr əsasən Misir Neft-Kimya Holdinq Şirkəti (ECHEM) vasitəsilə reallaşdırılıb. O, bu sahədə SOCAR və ECHEM arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin mümkünlüyünü qeyd edib.
Görüş zamanı səfir K.Bədəvini bu ilin iyun ayında Bakıda keçiriləcək XXX yubiley Beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil and Gas”) konfransında iştirak etməyə rəsmi şəkildə dəvət edib.
Zaur Həsənov isə SOCAR-ın karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində böyük təcrübəyə, Misirin isə geniş imkanlara malik olduğunu qeyd edərək əməkdaşlığın başlana biləcəyi əsas istiqamətləri diqqətə çatdırıb.
Görüşün yekununda tərəflər işçi qrupların formalaşdırılması barədə razılığa gəliblər. Nazirlikdən verilən məlumata görə, bu qruplar yaxın vaxtlarda hər iki tərəfin strategiyasına və imkanlarına uyğun əməkdaşlıq mexanizmlərinin işlənməsi üçün birgə iclaslar keçirəcəklər.