Mingəçevir şəhərində “AzərEnerji” ASC tərəfindən yeni tikilən, Azərbaycanın ən böyük elektrik stansiyası üçün İtaliyadan gəmi vasitəsilə daha bir dəst turbin və generator gətirilib.
“Report”un quruma istinadən verdiyi məlumata görə, hər birinin çəkisi 300 tondan artıq olan turbin və generator Bakıda ağır tonnajlı kranlarla xüsusi qoşqulu daşınma vasitələrinə yüklənib.
Yükün hündürlüyü 6 metr olduğundan Mingəçevirə qədər yol boyu körpülərin altı qazılıb və keçid təmin edilərək yollar bərpa edilib. Ümumi gücü 1 880 meqavat olan yeni elektrik stansiyasında yerinə qoyulan avadanlıqların dərhal quraşdırılmasına başlanılıb. Yeni elektrik stansiyasında 4 ədəd turbin və generator olmalıdır ki, onlardan artıq üç dəsti gətirilib və son dəst turbin-generator da yaxın vaxtlarda ölkəyə çatdırılacaq.
Belə ki, İtalyadan yola çıxan sonuncu turbin, generator gəmi ilə gətirilir, gələn ay Bakıya çatdırılacaq. Çindən gələn 8 ədəd transformator isə artıq Bakıya çatdırılıb. Bundan başqa util qazanın hissələrindən ibarət sonuncu gəmi bir neçə günə Poti limanına çatacaq və avadanlıqlar Mingəçevirə daşınacaq.
Qeyd edək ki, gücünə görə ölkənin ən böyük elektrik stansiyası olacaq bu enerji obyekti son illərdə sürətlə yaradılan bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, enerji istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması, ətraf mühitin qorunması baxımından xüsusi önəm daşıyır.
Belə ki, “AzərEnerji” tərəfindən yeni tikilən stansiyanın şərti yanacaq sərfiyyatı “Azərbaycan” İstilik Elektrik Stansiyasının digər blokları ilə müqayisədə hər kilovat saat üçün 120 qram azalmaqla 225 qram təşkil edəcək ki, bununla da illik 1,2 milyard kubmetr təbii qaza qənaət ediləcək, eyni zamanda ətraf mühitə atılan karbon qazının miqdarı 2 milyon ton azalacaq.
Nəzərə çatdıraq ki, BMT-nin İqlim Dəyişikliyi ilə bağlı əsas müddəaları arasında “yaşıl enerji” və enerjinin effektivliyi öndə gəlir. Yeni tikilən stansiyası da bu cəhətdən olduqca əhəmiyyətlidir.