Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Gürcüstanda günəş və külək enerjisi sahəsinə sərmayə qoymağa böyük maraq göstərir.
“Report”un yerli bürosu xəbər verir ki, bu məsələ Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava və şirkət nümayəndələri arasında keçirilən görüşdə müzakirə olunub.
Nazir deyib ki, “Masdar” şirkəti bölgədəki fəaliyyəti ilə tanınır və həmçinin inkişaf etdirdikləri yeni günəş elektrik stansiyaları aşağı enerji tarifləri ilə xarakterizə olunur: “Bu baxımdan bu cür stansiyaların inşası, xüsusilə də dünyada neft, neft məhsulları və təbii qazın qiymətlərinin artdığı bir dövrdə rəqabət qabiliyyətimizi artırmaq üçün son dərəcə əhəmiyyətlidir. Buna görə də onlarla birgə layihələr haqqında razlaşmaları yüksək templə həyata keçirəcəyik”.
Bu il aprelin 6-da Azərbaycan hökuməti və “Masdar” şirkəti Ələt yaxınlığında 230 meqavat gücü olan günəş elektrik stansiyası tikintisi üçün müqavilə imzalayıb.
Günəş elektrik stansiyası Qobustan ərazisində yerləşəcək. Layihənin ümumi investisiya dəyəri, təxminən, 200 milyon ABŞ dolları təşkil edir.