Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Azərbaycanın təmiz enerji ilə bağlı planlarına dəstəyini davam etdirməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə şirkətin rəsmi “X” sosial şəbəkəsindəki hesabında qeyd edilib:
“Gələn il COP29-a ev sahibliyi edəcəyi üçün Azərbaycan Respublikasını təbrik edirik. 2020-ci ildən sadiq tərəfdaş kimi “Masdar” Azərbaycanın təmiz enerji ambisiyalarını dəstəkləməkdən qürur duyur, 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrindən ümumi enerji tutumunun 30 %-dən çoxunu əldə etmək üçün birlikdə çalışırıq”, - deyə məlumatda qeyd edilir.
Xatırladaq ki, “Masdar” şirkəti Qaradağda Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasını inşa edir. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Bundan başqa, Azərbaycan hökuməti və “Masdar” şirkəti arasında ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur.