Makedoniya TAP layihəsinə qoşulmaq üçün müraciət edib

Makedoniya TAP layihəsinə qoşulmaq üçün müraciət edib Makedoniya müsbət cavab gözləyir
Energetika
7 Noyabr , 2016 13:25
Makedoniya TAP layihəsinə qoşulmaq üçün müraciət edib

Bakı. 7 noyabr. REPORT.AZ/ Makedoniya Azərbaycan qazını Avropaya çatdıracaq Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin hissəsi olmaqda maraqlıdır.

“Report”un "BNE Intellinews"a istinadən verdiyi xəbərə görə, bunu Makedoniyanın qazlaşdırılması layihəsi ilə məşğul olan Makedoniya Enerji Resursları (MER) dövlət şirkətindən bildirilib.

“Bu və digər potensial yeni qaz layihələri hazırda Bolqarıstandan qaz qəbul edən Makedoniya üçün təbii qaz təchizatını şaxələndirməyə imkan yaradacaq. Biz TAP layihəsinə qoşulmaq üçün müraciət etmişik və önümüzdəki dönəmdə müsbət cavab gözləyirik”, - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, TAP-a qoşulmaq ideyası MER ilə Yunanıstan qazpaylayıcı şəbəkəsinin operatoru - DESFA arasında iki ölkə arasında qaz bağlantısının tikintisi üzrə Anlaşma Memorandumun imzalamasından sonra yaranıb. Bu bağlantının Makedoniyanın TAP, eyni zamanda “Türk axını” ilə bağlantı yaranmasına imkan yaradacağı hesab edilir.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi