Yuxarı

​Londonda Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Sonda sentyabrda Aberdində keçiriləcək sərgi-konfransda müvafiq mövzu ətrafında daha geniş tərkibli işgüzar forumun təşkili təklif edilib

Bakı. 13 iyul. REPORT.AZ/ Londonun Viktoriya Konfrans Mərkəzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Böyük Britaniya nümayəndəliyi və Birləşmiş Krallığın Ticarət və Sənaye Agentliyinin (UKTI) təşəbbüsü ilə Agentliyin “Böyük Dəyər İmkanları” (High Value Opportunities) proqramı çərçivəsində işgüzar brifinq keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Brifinqin Azərbaycanın neft və qaz sənayesində yerli istehsal potensialının gücləndirilməsi məqsədi ilə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələsinə həsr olunduğu açıqlanıb.

Agentliyin enerji və infrastruktur bölməsinin rəhbəri Kempbel Keyr (Campbell Keir) brifinqi giriş sözü ilə açaraq, Azərbaycanın neft və qaz sənayesində son dövrlər qazanılmış uğurlardan bəhs edib.

Daha sonra, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkələr arasında əməkdaşlığın tarixindən bəhs edib. Qeyd olunub ki, “Böyük Dəyər İmkanları” proqramı bundan əvvəl 10 ölkədə tətbiq olunub və öz müsbət nəticələrini verib. Müvafiq regionlarda əməkdaşlığın və yerli istehsal potensialının gücləndirilməsinə nail olunub.

Məlumata görə, Azərbaycan neft və qaz sənayesinin istehsal potensialı Agentliyin diqqətini cəlb edib və bu sahədə mövcud olan problemlərin əməkdaşlıq vasitəsi ilə aradan qaldırılması məqsədi ilə Azərbaycan bu proqrama daxil edilib.

SOCAR-ın Böyük Britaniya nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev tədbirdə çıxış edərək, Azərbaycanda sərmayələr üçün əlverişli şəraitin yaradılmasından danışıb. O, Azərbaycanda yerli istehsalın inkişafının dövlət üçün prioritet olduğunu vurğulayıb.

Agentliyin neft və qaz bölməsinin rəhbəri Stiv Smit (Steve Smith), neft və qaz üzrə aparıcı mütəxəssisi Su Vitbred (Sue Whitbread) və Azərbaycan üzrə nümayəndəsi Jak Mullen (Jacqui Mullen) proqramın məqsədinə uyğun olan müxtəlif mövzulu təqdimatlarla çıxış ediblər.

"Nobel Oil and Schneider" elektrik şirkətləri Azərbaycanda biznes imkanları və cari fəaiyyətləri barədə məlumat veriblər. Tədbirdə iştirak edən 30-dan artıq Britaniya şirkəti, o cümlədən CBI, "Amec Foster Wheeler", "Petrofac", "Lloyds Register", "Schneider Electric", "Nobel Oil", "Wood Group" və digərləri Azərbaycanda yerli tərəfdaş şirkətlərlə əməkdaşlıq niyyətində olduqlarını bildiriblər. Sonda sentyabrda Aberdin şəhərində keçiriləcək sərgi-konfransda müvafiq mövzu ətrafında daha geniş tərkibli işgüzar forumun təşkili təklif edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi