Yuxarı

Kvirikaşvili: “SOCAR Gürcüstanın əsas qaz təminatçısıdır"

Gürcüstan təbii qaza olan tələbatını Azərbaycanın mavi yanacağı hesabına ödəyəcək

Tbilisi. 6 sentyabr. REPORT.AZ/ Gürcüstan təbii qaza olan tələbatını Azərbaycandan aldığı mavi yanacaq hesabına ödəyəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu bəyanatla Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili sentyabrın 6-da keçirilən beynəlxalq konfransda çıxış edib.

G.Kvirikaşvili deyib: “Azərbaycan bizim strateji tərəfdaşımızdır. Biz SOCAR ilə çox yaxşı əməkdaşlıq edirik və SOCAR Gürcüstanın əsas qaz təminatçısıdır. Gürcüstanın təbii qaza olan tələbatının başqa ölkələrdən alınan mavi yanacaq hesabına ödəniləcəyi barədə spekulyativ söhbətlərin heç bir əsası yoxdur”.

Baş nazirin sözlərinə görə, 2016-cı ildə Gürcüstanın təbii qaza olan tələbatı 2 milyard 422,9 milyon kubmetr proqnozlaşdırılıb ki, bu da 2015-ci il ilə müqayisədə 0,8 faiz çoxdur. Tələbatımızın ödənilməsi üçün nəzərdə tutulan təbii qazın 2 milyard 156,8 milyon kubmetrinin əsas qaz təminatçımız olan Azərbaycandan almağı nəzərdə tutmuşuq. Qalan hissə isə Rusiyadan Ermənistana daşınan qazın nəqlindən almaq niyyətindəyik.

Baş nazirin sözlərinə görə, Gürcüstanın öz yeraltı ehtiyatları hesabına 15,6 milyon kubmetr qaz əldə edəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi