Yuxarı

Kulevi terminalından nafta daşınmasına başlanılıb

İlk məhsul Riroil 2 neft tankerinə yüklənilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kulevi terminalı (Qara dəniz, Gürcüstan) vasitəsilə yeni məhsul - nafta qəbul edilib və göndərilib. "Report" Kulevi neft terminalının veb-saytına istinadən xəbər verir ki, naftanın ilk yükü sisternlə qəbul edilib.

O, 90 nömrəli nasos stansiyasının köməyi ilə boşaldılıb, sahil anbarında saxlanılıb və vaxt, kəmiyyət, keyfiyyət itkisi olmadan müvəffəqiyyətlə "Riroil 2" neft tankerinə yüklənilib.

"Qara dəniz terminalı mövcud resurslarla və heç bir əlavə investisiya olmadan daha çox məhsul qəbul etmək və göndərmək bacarığında olduğunu bir daha sübut edib. Kulevi neft terminalının idarəçiləri və heyəti şirkətin bu uğurunun son olmadığına inanır. Terminal hər hansı çətinliyin öhdəsindən gəlməyə və neft sənayesində yeni hədəflərə nail olmağa hazırdır", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə SOCAR tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci ilin may ayında istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. Terminalın ötürmə gücü illik 10 mln. ton neft və neft məhsulları təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi