Kirill Petkov: “Bolqarıstan avqusta qədər Azərbaycandan müqavilə üzrə qaz həcmini tam alacaq”
- 22 iyun, 2022
- 08:53
Bolqarıstan iyul ayından avqusta qədər Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə Azərbaycandan 1 milyard kubmetr təbii qaz alacağına inanır
“Report”un Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu bu ölkənin Baş naziri Kirill Petkov bildirib.
“Azərbaycan qazı bizim üçün hazırkı bazar qiymətlərindən dəfələrlə ucuz başa gələcək”, - K.Petkov qeyd edib.
Baş nazir əlavə edib ki, hökumət mayeləşdirilmiş təbii qaz tədarükü ilə Azərbaycan boru kəməri qazının kombinasiyası üzərində işləyir ki, qazın orta çatdırılma qiyməti Rusiyanın “Qazprom” şikətindən daha yaxşı olsun.
Bolqarıstan hökumət həmçinin bu cür alternativ təchizatı təmin etmək üçün Yunanıstan-Bolqarıstan İnterkonnektoru kimi tanınan uzunmüddətli boru kəməri layihəsi üzərində işi sürətləndirdiyini bildirib.
Hökumətin gələn ay qüvvəyə minəcəyini bildirdiyi layihə Bolqarıstanın qaz şəbəkəsini başqa bir boru kəməri sistemi – Trans-Adriatk Qaz Boru Kəməri (TAP), eləcə də Yunanıstandakı LNG idxal terminalları ilə birləşdirəcək.
Xatırladaq ki, ötən həftənin sonunda Bolqarıstanın Baş naziri Azərbaycana səfəri gözlənilirdi. Ancaq bu ölkədə qaz çatışmazlığı ilə bağlı yaranan narazılıqlar səbəindən onun Bakıya gözlənilən səfərini təxirə salıb. K. Petkov bu səfər zamanı Azərbaycan tərəfi ilə alternativ qaz tədarükünün təmin edilməsi məsələlərini müzakirə edəcəkdi.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazı almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Cari ilin may ayınadək Azərbaycan TAP vasitəsi ilə Avropaya 12 milyard kubmetrdən çox, o cümlədən İtaliyaya 10 milyard kubmetrdən çox təbii qaz nəql edilib.