Kiril Petkov: “İGB-nin kommersiya istismarına hazır olması üçün lazımi addımlar atılıb”

Kiril Petkov: “İGB-nin kommersiya istismarına hazır olması üçün lazımi addımlar atılıb” P. Şahbazov regional və qlobal enerji təchizatının təmin olunmasında Cənub Qaz Dəhlizi kimi iri infrastruktur layihələrin əhəmiyyətinə diqqət çəkərək, ölkəmizin bundan sonra da bu istiqamətdə səylərini davam etdirməyə hazır olduğunu bildirib
Energetika
6 May , 2022 14:34
Kiril Petkov: “İGB-nin kommersiya istismarına hazır olması üçün lazımi addımlar atılıb”

Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İnterconnector Greece – Bulgaria:IGB) kommersiya istismarına hazır olması üçün lazımi addımları atılıb.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Bolqarıstanın Baş naziri Kiril Petkov Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Sofiya şəhərində keçirilən görüşü zamanı bildirib.

K. Petkov Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan və Trans-Adriatik Boru Kəmərinə qoşulacaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin icrası barədə danışaraq, boru kəmərinin kommersiya istismarına hazır olması üçün lazımi addımların atıldığını bildirib.

P. Şahbazov regional və qlobal enerji təchizatının təmin olunmasında Cənub Qaz Dəhlizi kimi iri infrastruktur layihələrin əhəmiyyətinə diqqət çəkərək, ölkəmizin bundan sonra da bu istiqamətdə səylərini davam etdirməyə hazır olduğunu bildirib.

Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün zəruri addımlar haqqında danışan nazir, Azərbaycan təbii qazının növbəti onilliklərdə diversifikasiya və enerji keçidi prosesinə verəcəyi töhfələri qeyd edib.

Görüşdə iki ölkə arasında Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib.

IGB-nin iyun ayının sonundan işə salınacağı, sentyabr ayından da Azərbaycan qazının nəqlinə başlanacağı gözlənilir.

Bu ilin mart ayının sonunda IGB-nin Bolqarıstana ilk dəfə Azərbaycan qazını nəql edəcək TAP layihəsinə qoşulduğu açıqlanmışdı. IGB layihəsinin iyul ayından istismara veriləcəyi nəzərdə tutulur ki, nəticədə Bolqarıstan bilavasitə Azərbaycandan qaz idxal edə biləcək. İlk dövrdə bu kəmərlə ildə 1 milyard kubmetr qaz ötürüləcəksə, sonradan 3 milyard kubmetrlik layihə ötürücülük gücünə çatdırmaq hədəflənir.

Qeyd edək ki, Azərbaycandan TAP layihəsi vasitəsilə Bolqarıstan, Yunanıstan, İtaliya kimi Avropa ölkələrinə qaz nəqlinə 2020-ci ilin 31 dekabr tarixindən başlansa da, sırf interkonnektorun olmaması üzündən Bolqarıstana qaz tədarükü nəzərdə tutulandan 4 dəfə az olub. Hazırda Azərbaycan qazı Bolqarıstana Yunanıstandan 3,68 milyard kubmetr gücünə malik mövcud kəmərlə tədarük olunur. Bu xətlə Azərbaycandan cəmi 250-300 milyon kubmetr qaz idxal etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi