Bakı. 22 oktyabr. REPORT.AZ/ Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) inşa etdirdiyi "Star" neft emalı zavodunda işlərin 33%-i görülüb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu "SOCAR Turkey" şirkətinin baş icraçı direktoru Kənan Yavuz bildirib. Onun sözlərinə görə, bünövrə işlərinin isə 95%-i tamamlanıb.
K.Yavuz deyib ki, indiyədək zavoda 2 mlrd. dollar məbləğində vəsait xərclənib: "Bu ayın sonunadək zavod üçün avadanlıqların gətirilməsinə başlanılacaq. 2016-2017-ci illərdə avadanlıqlar quraşdırılacaq".
K.Yavuz "Star" zavodunun ildə 10 mln. ton xam neft emal edəcəyini xatırladıb. Onun sözlərinə görə, zavodun inşaatında 4 min insan çalışır və onların sayı gələn il 10 minə çatacaq.
O qeyd edib ki, 2018-ci ildə istehsala başlayacaq zavod ölkə iqtisadiyyatına 2 - 2,5 mlrd. dollar məbləğində qənaət etməyə yardım edəcək:
"Star" neft emalı zavodu idxal olunan məhsulların Türkiyədə istehsalını hədəfləyən layihədir. Bu zavod təkcə "Petkim Neft-Kimya Holding"in rəqabət gücünü artırmayacaq, həm də Türkiyənin ehtiyacının qarşılanmasında önəmli rol oynayacaq. Türkiyənin dizel idxalı yerli istehsaldan qat-qat çoxdur. Biz dizel, təyyarə yanacağı və mayeləşdirilmiş neft qazı (LPG) burada istehsal edəcəyik. Zavod hazırkı neft qiymətləri ilə Türkiyə iqtisadiyyatına ildə 2-2,5 mlrd. dollar qənaət etməyə imkan verəcək".
Qeyd edək ki, SOCAR 2008-ci ildə "Petkim Holding"in özəlləşdirilməsilə Türkiyədə fəaliyyətinə başlayıb və burada "SOCAR Turkey" adı ilə fəaliyyət göstərir. "SOCAR Turkey" şirkətinin strukturuna əsasən, "SOCAR Turkey Energy A.Ş."nin 87% hissəsi SOCAR-a aiddir. 14 avqust 2015-ci ildən etibarən "Goldman Sachs" və "JP Morgan" bankları ("Goldman Sachs International") 1,3 mlrd. dollara "SOCAR Turkey"in 13%-lik hissəsinə ortaq olub.