Kanada şirkəti Azərbaycanın quru yatağında yeni qurğu quraşdırıb

Kanada şirkəti Azərbaycanın quru yatağında yeni qurğu quraşdırıb Şirkət digər quyularda qiymətləndirmə aparır
Energetika
23 Avqust , 2017 17:01
Kanada şirkəti Azərbaycanın quru yatağında yeni qurğu quraşdırıb

Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycanın quruda yerləşən “Muradxanlı” yatağında “M-45” saylı quyuda “Schlumberger” şirkətinin yeni nəsil elektrikli dalma nasosu quraşdırılıb.

“Report” xəbər verir ki, bu barədə yatağın daxil olduğu “Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokunun operatoru Kanadanın “Zenith Energy Ltd.” şirkəti məlumat yayıb.

Burada hazırda gündəlik neft hasilatı 49 barel təşkil edir. “Zenith” quyudan neft hasilatının artacağına əmindir.

Bu şirkətin Azərbaycandakı əməliyyat apardığı blokda quraşdırılan ilk bu tipli qurğudur.

Şirkət yeni nəsil elektrikli dalma nasoslarının quraşdırılması üçün 11 quyu müəyyənləşdirib. Yeni avadanlıqlar hər quyunun xüsusiyyətinə uyğun olaraq “Schlumberger” və “Baker Hughes” şirkətlərindən sifariş edilib.

“Zenith” şirkətinin əməliyyat komandası 11 quyuda son texnologiyalı nasosların yerləşdirilməsi ilə mövcud hasilatın gündəlik 219 barel artacağını hesablayır.

Şirkət, eyni zamanda bu qurğuların yerləşdirilməsi ilə hasilatın artmasına imkan verəcək müqavilə ərazisində yerləşən digər quyularda qiymətləndirmə aparır.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat 2016-cı il avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Son xəbərlər

Orphus sistemi