Bu ilin iyun ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 3,9 min ton avtomobil benzini idxal edib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” konsaltinq qrupunun hesabatında deyilir.
Bildirilir ki, bu, may ayında idxal edilən avtomobil benzinin həcmləri ilə müqayisədə 0,1 min ton və ya 2,63 % çoxdur. Azərbaycan şirkətinin Ukraynaya idxal etdiyi avtomobil benzinin bütün həcmləri Litvadan gətirilib.
Ümumilikdə bu ilin iyun ayı ərzində Ukrayna bazarına 93,3 min ton avtomobil benzini idxal edilib. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 23,8 min ton və ya 20 % azdır. Belə ki, bu müddət ərzində “Aİ-95” markal benzinin idxalı 5,8 % azalaraq 70,3 min ton, “Aİ-92” markalı benzinin həcmi isə 45 % azalaraq 23 min ton təşkil edib.
Belə ki, iyun ayında Ukraynaya idxal edilən avtomobil yanacağının 43,6 min ton həcmi Belarusdan tədarük edilib. Bu da 2020-ci ilin iyun ayının göstəriciləri ilə müqayisədə 55 % azdır.
Ötən ay Litvadan Ukraynaya 42,7 min ton avtomobil yanacağı idxal edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,4 dəfə çoxdur.
Bu ilin iyun ayında isə Ukraynaya Yunanıstandan 5,8 min ton, Rumıniyadan isə 6 min ton avtomobil benzini idxal edilib.