İtaliya Azərbaycandan neft tədarükü həcmlərini açıqlayıb
- 05 iyul, 2024
- 08:25
İtaliya 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 2 milyon 548,784 min ton neft idxal edib və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 % azdır.
“Report” xəbər verir ki, bu barədə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyi məlumat yayıb.
Bu ilin 4 ayında Azərbaycandan 1 milyon 129,338 min ton həcmində (56,2 % az) “Azeri Light” və 1 milyon 419,446 min ton (53,3 % az) həcmində isə “Azeri Blend” markalı neft tədarük edilib.
Ümumilikdə, bu dövr ərzində İtaliya 18 milyon 199,062 min ton neft idxal edib (11,1 % az). Belə ki, bu tədarüklərin 14 %-ni Azərbaycan nefti təşkil edib.
Aprel ayında Azərbaycan İtaliyaya 447,388 min ton (66,2 % az) neft ixrac edib: “Azeri Light” - 263,756 min ton (75,1 % az), “Azeri Blend” - 183,632 min ton (30,3 % az).
Apreldə İtaliya ümumilikdə 3 milyon 743,493 min ton (32,1 % az) neft idxal edib. Azərbaycandan başqa, aprel ayında İtaliyaya əsas neft tədarükçüləri arasında Liviya (777,953 min ton), Qazaxıstan (736,567 min ton), Səudiyyə Ərəbistanı (537,816 min ton), ABŞ (342,146 min ton), Nigeriya (260,674 min ton) olub.
İtaliya 2024-cü ilin aprelində “Azeri Light” markalı neftin 1 barelini 85,41 ABŞ dollarına (2023-cü ilin aprelində - 1 bareli 87,55 ABŞ dollarına), “Azeri Blend”in 1 barelini isə 95,94 ABŞ dollarına (2023-cü ilin aprelində - 1 bareli 85,65 ABŞ dollarına) alıb.
Qeyd edək ki, Azərbaycan 2023-cü ildə İtaliyaya ən çox neft ixrac edən ölkə olub. Bu ölkəyə təxminən 11,3 milyon ton neft tədarük edilib və bu da 2022-ci illə müqayisədə 25 % çox idi.