İstanbul hava limanının enerji təchizatı üçün Eskişehirdə GES-in tikintisinə başlanılıb

İstanbul hava limanının enerji təchizatı üçün Eskişehirdə GES-in tikintisinə başlanılıb İstanbul Hava Limanı bütün elektrik istehlakını günəş enerjisi ilə ödəyən dünyada ilk hava limanı olacaq.
Energetika
8 Aprel , 2024 16:47
İstanbul hava limanının enerji təchizatı üçün Eskişehirdə GES-in tikintisinə başlanılıb

İstanbul Hava Limanı dünyada bütün elektrik istehlakını günəş enerjisi ilə ödəyən ilk hava limanı olacaq.

“Report” bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, “İGA Havalimani Isletmesi A.S.” əməliyyat şirkəti Eskişehir şəhərində təxminən 3 milyon kvadratmetr sahədə 199,32 meqavat gücündə günəş elektrik stansiyasının (GES) tikintisinə başlayıb.

GES-in tikintisinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır. Layihə çərçivəsində stansiyada 439 min fotovoltaik panel quraşdırılacaq. Stansiyanın illik 340 milyon kVt/saat günəş enerjisi istehsal edəcəyi gözlənilir ki, bu da İstanbul Hava Limanının elektrik enerjisinə olan tələbatını tam ödəyəcək.

“Beləliklə, İstanbul Hava Limanı dünyada bütün elektrik istehlakını günəş enerjisi ilə ödəyəcək ilk hava limanı olacaq. Layihənin dəyəri 212 milyon avro qiymətləndirilir, günəş elektrik stansiyasının bu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır”, - agentlik qeyd edib.

“İGA Havalimani İşletmesi”nin Baş direktoru vəzifəsini icra edən Selahattin Bilgen bildirib ki, şirkət 2050-ci ilə qədər xalis sıfır karbon emissiyasına nail olmaq öhdəliyinin bir hissəsi olaraq Eskişehir günəş elektrik stansiyası layihəsini hazırlayıb: “Biz qlobal istiləşmə və iqlim dəyişikliyinin bütün dünyada mühüm və ciddi nəticələrini yumşaltmaq istəyirik. Bu günəş elektrik stansiyasının tikintisi ilə 105 min 996 ton karbon dioksid ekvivalentində istixana emissiyalarının qarşısını alacağıq. Layihə təmiz enerjidən geniş istifadə üçün son dərəcə vacibdir”.

İstanbul Hava Limanı hazırda Türkiyənin və Avropanın ən böyük hava limanıdır. Beynəlxalq hava limanı 2019-cu ilin aprelində istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi