İran təmiz uranium metalının istehsalına başlamaqla nüvə silahı əldə etmək istiqamətində mühüm addım atıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ötən gün Beynəlxalq Atom Enerjisi Agentliyi (İAEA) açıqlama verib
“Bu gün İranın agentliyə verdiyi məlumata görə, UO2 (uranium oksid) 20 %-ədək təmizlənərək əldə edilən U-235 İsfahandakı Yanacaq İstehsalı Müəssisəsinin tədqiqat laboratoriyasına daşınacaq və UF4-ə (uranium tetrafluorid), daha sonra da 20 %-lik təmizlənmiş U-235 uranium metala çevriləcək ki, yanacaq istehsalında istifadə olunsun”.
Bununla yanaşı, cari ildə məhdud miqdarda təmizlənməmiş uranium metalı da istehsal edən İranın bununla da nüvə silahı istehsalı üçün kifayət qədər uranium metalı istehsal etməyi qadağan edən Müştərək Əhatəli Fəaliyyət Planının (JCPOA) tələblərini pozduğu bildirilir. Böyük Britaniya, Fransa və Almaniya birgə açıqlama verərək İran tərəfinin bu qərarından dərin narahatlıq duyduqlarını bildirirərək İran tərəfini aprelin 20-də başlayan, amma iyunun 20-də dayandırılan Vyana danışıqlarına qayıtmağa səsləyiblər.
Xatırladaq ki, ABŞ hökumətinin İrana qarşı sanksiyalarını yumşaltmaq niyyətində olmasına dair müəyyən mülahizələr səsləndirilir. Sanksiyalar ləğv edilməsi halında dünya bazarına əlavə gündəlik 1-2 milyon barel neft çıxarılmasına gətirib çıxaracağı bildirilir. Bu da neftin ucuzlaşmasına təkan verəcək.