IMF neft qiymətləri üzrə proqnozunu 40 % artırıb
- 08 iyul, 2022
- 13:49
Beynəlxalq Valyuta Fondu (IMF) neftin bir bareli üçün orta qiymətini 2022-ci ilə 40,3 %, 2023-cü ildə isə 35,4 % artırıb.
"Report" IMF-in mayın 25-dən iyunun 7-dək Bakıda keçirilmiş IV maddə üzrə məsləhətləşmələrin yekunlarına dair bəyanatına istinadən xəbər verir ki, bu il üçün neftin orta qiyməti 108,5 ABŞ dolları təşkil edəcək, gələn il isə 96,5 ABŞ dolları səviyyəsində proqnozlaşdırır.
Bu ilki proqnoz 2021-ci ilə nisbətən 37,4 ABŞ dolları və ya 52,6 % çoxdur, 2023-cü ii üçün isə bu ilin proqnozuna nisbətən 12 ABŞ dolalrı və ya 11,06 % azdır.
IMF-in hesablamasına əsasən, 2024-cü ildə neftin bir barelinin orta qiyməti 85,7 ABŞ dolları olacaq ki, bu da 2023-cü ilin proqnozundan 10,8 ABŞ dolları və ya 11,2 % azdır.
Fondun proqnozuna əsasən, 2025-ci ildə isə neftin bir barelinin orta qiyməti 78,7 ABŞ dolları olacaq ki, bu da 2024-cü ildə proqnozlaşdırılan orta qiymətdən 7 ABŞ dolları və ya 8,2 % azdır.
2026-cı ildə neftin qiyməti 74,4 ABŞ dolalrı olacağı proqnozlaşdırılır. Bu da 2025-ci il üçün verilən proqnozdan 4,3 ABŞ dolları və ya 5,5 % azdır.
IMF-in hesablamalarına əsasən, 2027-ci il üçün neftin bir barelinin orta qiyməti 72,2 ABŞ dolları olacağı proqnozlaşdırılır ki, bu da 2026-cı il üçün verilən proqnozdan 2,2 ABŞ dolları və ya 3 % azdır.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair yanvar hesabatında 2022-ci ildə neftin orta qiymətinin əvvəlki illə müqayisədə 11,9 % artaraq 77,31 ABŞ dolları/barel olacağı gözlənilirdi. Gələn il neftin qiyməti 7,8 % azalaraq, bir barel üçün 71,29 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılırdı.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.