IMF Azərbaycan qazının 2028-ci ilə qədərki mümkün qiyməti açıqlayıb
- 07 fevral, 2024
- 12:37
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan təbii qazının hər min kubmetri üçün dünya bazarlarında ehtimal olunan orta satış qiyməti 393,1 ABŞ dolları təşkil edəcək.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “IMF-nin yaradılması haqqında” Sazişinin IV maddəsinə uyğun olaraq fondun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun 2023-cü ilin noyabr ayında Bakıda keçirdiyi məsləhətləşmələrin nəticələrinə dair hesabatında deyilir.
Hesabata əsasən, bu, 2023-cü ilin ehtimal olunan qiyməti ilə müqayisədə 8,30 ABŞ dolları və ya 2,16 % çoxdur.
IMF-in hesablamalarına görə, 2025-ci ildə təbii qazın hər min kubmetri üçün orta satış qiyməti 291,7 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnoz qiyməti ilə müqayisədə 101,4 ABŞ dolları və ya 25,8 % azdır.
2026-cı ildə isə 2025-ci ilin proqnozu ilə müqayisədə Azərbaycan qazının hər min kubmetri üçün ehtimal olunan orta satış qiyməti 70,9 ABŞ dolları və ya 24,31 % artaraq 362,6 ABŞ dolları təşkil edəcək.
2027-ci ildə bu göstərici 322,6 ABŞ dolları təşkil edəcək ki, bu da 2026-cı ilin proqnoz göstəricisinə nisbətən 40 ABŞ dolları və ya 11,04 % azalacaq.
IMF hesab edir ki, 2028-ci ildə Azərbaycan qazının hər min kubmetri ehtimal olunan orta satış qiyməti 319 ABŞ dolları təşkil edəcək. Bu da 2027-ci ilin proqnoz göstəricisinə nisbətən 3,6 ABŞ dolları və ya 1,12 % azalacağı ehtimal edilir.
Ümumilikdə isə Azərbaycan təbii qazının hər min kubmetri üçün ehtimal olunan orta satış qiyməti 2024-cü ildən 2028-ci ilədək, yəni növbəti 5 il ərzində 74,1 ABŞ dolları və ya 18,85 % azalacaq.