IMF 2027-ci ilədək ARDNF-in aktivlərinin məbləğinə dair proqnozlarını açıqlayıb  

Energetika
  • 08 iyul, 2022
  • 13:25
IMF 2027-ci ilədək ARDNF-in aktivlərinin məbləğinə dair proqnozlarını açıqlayıb  

2022-ci ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin məbləğinin 53,429 milyard ABŞ dolları təşkil ediləcəyi proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) mayın 25-dən iyunun 7-dək Bakıda keçirilmiş IV maddə üzrə məsləhətləşmələrin yekunlarına dair bəyanatında deyilir.

Hesabata görə, bu, 2021-ci ilin proqnozu ilə müqayisədə 8,404 milyard ABŞ dolları və ya 18,7 % çoxdur.

IMF-in proqnozuna əsasən. 2023-cü ildə ARDNF-in aktivlərinin məbləği 62,168 milyard ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da bu ilin göstəricisindən 8,739 milyard ABŞ dolları və ya 16,3 % çox olmasını nəzərdə tutur.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, 2024-cü ildə Neft Fondunun aktivlərinin məbləği daha 8,574 milyard ABŞ dolları və ya 13,8 % artaraq 70,742 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır.

2025-ci ildə ARDNF-in aktivlərinin məbləğinin 76,58 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 5,838 milyard ABŞ dolları və ya 8,2 % çoxdur.

IMF-in hesabatında həmçinin qeyd edilir ki, 2026-cı ildə ARDNF-in aktivlərinin məbləğinin 79,840 milyard ABŞ dolları olması gözlənilir ki, bu da 2025-ci ilin proqnoz göstəricisindən 3,260 milyard ABŞ dolları və ya 4,3 % çoxdur.

2027-ci ilin sonuna isə IMF hesab edir ki, Dövlət Neft Fondunun aktivlərinin məbləği 82,076 milyard ABŞ dolları olacaq. Bu da 2026-cı ilin proqnoz göstəricisindən 2,236 milyard ABŞ dolları və ya 2,8 % çoxdur.

Bu il aprelin 1-nə ARDNF-nin aktivlərinin məbləği 45,264 milyard ABŞ dolları təşkil edib.

44 - Tezliklə