İlin sonuna qədər Serbiya Azərbaycandan təbii qaz ala bilər
- 13 noyabr, 2023
- 11:11
Bu ilin sonuna qədər Bolqarıstan-Serbiya İnterkonnektoru vasitəsilə Azərbaycandan təbii qaz tədarükünə başlanıla bilər.
“Report” xəbər verir ki, bu barədə Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Yedovic Handanoviç Serbiyanın RTS televiziyasına müsahibəsində bildirib.
Qeyd olunub ki, yaxın günlərdə Serbiya Bolqarıstanla birləşdirilən qaz kəmərinin Niş şəhərindən Dimitrovqrada qədər olan hissəsində bütün təmir-bərpa işləri başa çatdıracaq.
Onun sözlərinə görə, qaz kəmərinin ilin sonunadək istismara verilməsi üçün sınaqlar aparılacaq: “Onun başa çatması ilə Serbiya daha bir qaz mənbəyi əldə edəcək və öz mənbələrini şaxələndirəcək. Serbiya ilk dəfə olaraq təkcə ölkə üçün Rusiya qazının dayanıqlı və vacib mənbəyinə deyil, həmçinin də Trans-Adriatik Qaz Boru Kəməri (TAP) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşən Yunanıstan- Bolqarıstan İnterkonnektoruna (IGB) qoşularaq Azərbaycandan qaz almağa ümid edə biləcək”.
Nazir bildirib ki, eləcə də bu kəmərlər Yunanıstandan mayeləşdirilmiş təbii qaz terminalından qaz almağa imkan verəcək.
Qeyd edək ki, Serbiya və Bolqarıstan arasında yeni təbii qaz interkonnektorunu tikintisinə 2022-ci ilin fevralın 1-də başlanılıb.
Niş-Dimitrovqrad-Bolqarıstan interkonnektorunun tikintisi layihəsi qismən Avropa İttifaqının (Aİ) qrantları hesabına maliyyələşdiriləcək. Bu maliyyələşdirmə 49,6 milyon avro məbləğində olacaq, Avropa İnvestisiya Bankından 25 milyon avro dəyərində əlverişli kredit əlavə edilməklə. Qaz kəmərinin Serbiya ərazisindən keçən hissəsi isə bu dövlət tərəfindən ödəniləcək.
Serbiya bu günə qədər layihə üçün 7,5 milyon avro ayırıb. İnterkonnektor Niş şəhərini Bolqarıstanın paytaxtı Sofiya ilə birləşdirəcək, yeni boru kəmərinin layihə gücü ildə 1,8 milyard kubmetr təbii qaz təşkil edəcək.
Layihəyə əsasən, yeni qaz kəməri Serbiyanın cari illik ehtiyacı ilə müqayisədə əlavə 80 % ötürmə qabiliyyətini təmin edəcək ki, bu da ildə təxminən 2,4 milyard kubmetr qaz deməkdir.