İlham Mirzəliyev: “Bakıda 16 mərtəbəli bina üçün fərdi qazanxana səmərəli sayılmır”
- 16 may, 2025
- 14:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda 16 mərtəbəli bir bina üçün ayrıca qazanxana tikintisi iqtisadi baxımdan səmərəli hesab edilmir.
“Report” xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev bu gün Milli Məclisdə “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Göydəniz Qəhrəmanovun çıxışına cavab olaraq deyib.
Onun sözlərinə görə, Bakının Yasamal rayonunun Haqverdiyev küçəsində yerləşən 16 mərtəbəli binada qaz və istilik təchizatı yoxdur: “Dəqiq ifadə etsək, 16 mərtəbəli bir bina üçün ayrıca qazanxananın tikintisi iqtisadi baxımdan məqsədəuyğun deyil. Bu səbəbdən bizim hazırladığımız tədbirlər planında belə hallar üçün bir binaya kompleks yanaşma təklif olunur - yəni həmin məhəllədə ümumi qazanxananın inşası və ətrafdakı binaların da bu mənbəyə qoşulması daha səmərəli hesab edilir”.
Qeyd edək ki, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov müzakirələr zamanı bildirib ki, Haqverdiyev küçəsi 1 ünvanında yerləşən 16 mərtəbəli binada hazırda 64 ailə yaşayır. Onun sözlərinə görə, binanın inşası zamanı mərkəzləşdirilmiş istilik sistemi nəzərdə tutulsa da, bu günə qədər işə salınmayıb:
“Azəristiliktəchizat” ASC-dən aldığım rəsmi cavabda bildirilib ki, 2015–2024-cü illər ərzində bu istiqamətdə maliyyə vəsaiti ayrılmayıb. Nəticədə, sakinlər qaz təchizatı olmadığı üçün yalnız elektrik enerjisi ilə isitmə təmin edirlər. Bu isə ailələrin büdcəsinə ciddi təsir göstərir, aylıq elektrik xərcləri 300-400 manat arasında dəyişir və eyni zamanda təhlükəsizlik baxımından da risklidir. Elektrik xətləri həddindən artıq yüklənir, bu isə yanğın təhlükəsi yaradır”.
Deputat məsələ ilə bağlı “Azəristiliktəchizat” rəhbərliyinə çağırış edərək, problemin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib.