"Azərbaycan enerji resurslarını inkişaf etdirməyə davam edəcək. Hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. Xüsusilə 400 milyard kubmetr qaz ehtiyatına malik olan “Babək” yatağını qeyd edə bilərəm. “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı var və ümid edirəm ki, orada hasilat gələn il başlayacaq. Digəri isə “Ümid” yatağıdır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Bunlar təsdiqlənmiş ehtiyata malik yataqlardır. Onlar Xəzər dənizinin Azərbaycana məxsus sektorunda qaz hasilatına töhfə verəcək".
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında məlumat verib.
“Birgə planlarımıza gəldikdə əminəm ki, bu gün siz İonik-Adriatik boru kəmərinə dair məsələləri müzakirə edəcəksiniz. Əlbəttə TAP-ın başa çatdırılması İonik-Adriatik boru kəmərinin inşasına imkan yaradır. Biz Qərbi Balkan ölkələri ilə anlaşma memorandumlarını artıq imzalamışıq və İonik-Adriatik boru kəməri həyata keçirildikdən sonra biz təchizat marşrutlarımızı şaxələndirmək imkanı əldə edəcəyik və Qərbi Balkan dövlətləri üçün də yeni imkanlar yaradacayıq”, - deyə dövlət başçısı qeyd edib.
Şaxələndirmə haqqında da danışan Prezident deyib: “Bizim layihə yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirməsindən ibarətdir. Bu, olduqca vacib məsələdir və real şaxələndirmə deməkdir. Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir. Çünki bizim təsdiqlənmiş təbii qaz ehtiyatımız 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə, bu həcm daha da artıq ola bilər. Azəri-Çıraq-Günəşli yatağında “dərin qaz” adlanan layihəni də nəzərə alsaq, bizim potensialın mənzərəsi daha da aydın olar”.