İki aylıq təmirə dayanan STAR NEZ fəaliyyətini bərpa edib

İki aylıq təmirə dayanan STAR NEZ fəaliyyətini bərpa edib ​​​​​​​Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu sentyabrın 5-dən planlı təmir-profilaktika və avadanlıqların texniki xidməti üçün dayandırıldıqdan sonra fəaliyyətini bərpa edib
Energetika
1 Noyabr , 2024 09:48
İki aylıq təmirə dayanan STAR NEZ fəaliyyətini bərpa edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu sentyabrın 5-dən planlı təmir-profilaktika və avadanlıqların texniki xidməti üçün dayandırıldıqdan sonra fəaliyyətini bərpa edib.

Bu barədə “Report” SOCAR-ın Türkiyədəki törəmə “SOCAR Turkiye Enerji” şirkətinə istinadən xəbər verib.

Bildirilib ki, zavodun istehsal gücünün artırılması üçün təxminən 2 ay davam edən STAR NEZ-də planlı təmir işləri uğurla başa çatıb: “STAR ilk dəfə istehsalatda planlı fasilə götürüb və bütün avadanlıqların texniki xidməti və modernizasiyası işlərini həyata keçirib".

Şirkətin məlumatında qeyd edilir ki, bu dayanma sayəsində STAR NEZ-in əməliyyat səmərəliliyi artacaq və növbəti 5 il ərzində yeni planlı dayanmalara ehtiyac olmadan fasiləsiz istehsalı təmin edəcək. Təmirin başa çatması ilə zavodun istehsal gücü 2,5% artırılıb.

“SOCAR Türkiyə Enerji” neft emalı və neft-kimya biznes bölməsinin prezidenti və “Petkim” neft-kimya kompleksinin baş direktoru Kənan Mirzəyev zavodun planlaşdırılmış dayanmasını qiymətləndirərkən qeyd edib ki, STAR Türkiyənin neft məhsullarına olan tələbatının əhəmiyyətli hissəsini və Petkimin naftaya olan tələbatının demək olar ki, hamısını ödəyir.

K.Mirzəyev bildirib ki, STAR-ın fəaliyyətə başladığı gündən bəri ilk dəfə həyata keçirilən planlı dayanmanı hədəflənən müddətdən əvvəl, büdcə daxilində və istehsal gücünü artıraraq uğurla başa çatdırılıb: “2018-ci ildə “Petkim”ə inteqrasiya olunmuş şəkildə inşa edilən STAR NEZ ilə neft-kimya inteqrasiyasının Türkiyədəki tək nümunəsini həyata keçirmişdik. STAR NEZ olaraq Türkiyənin emal olunmuş xam neft ehtiyacının əhəmiyyətli bir hissəsini qarşılamaqla yanaşı, neft emalında istehsal etdiyimiz yüngül nafta ilə bu gün “Petkim”in xammal ehtiyacının demək olar ki, tamamını qarşılayırıq”.

O qeyd edib ki, “SOCAR Türkiyə”nin uğurlu fəaliyyətini, eyni zamanda Türkiyə ilə Azərbaycan arasındakı güclü əməkdaşlığın bir əksi olaraq görür: “Ölkələrimizin inkişafı, tərəqqisi və hədəfləri istiqamətində dəyər yaradaraq töhfə verməyə davam edəcəyik”.

STAR NEZ 19 oktyabr 2018-ci ildə istismara verilib və “Azeri Light”, “Kerkuk” və “Urals” kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. Zavodun dayanmadan əvvəlki gücü ildə 13 milyon ton məhsul təşkil edirdi. O, “Petkim” neft-kimya kompleksini xammal ilə təmin edir və SOCAR-ın öz dizel yanacağı və aviakerosinini, eləcə də kimya sənayesi üçün xammalını Aralıq dənizi bazarına çıxarması üçün şərait yaradır.

Son xəbərlər

Orphus sistemi