Yunanıstan-Bolqarıstan İnterkonnektoruna (IGB) Bolqarıstan ərazisində tələb olunan daha bir sənəd - Akt-15 verilib. Bu, interkonnektorun tikintisinin başa çatmasını təsdiq edən sondan əvvəlki sənəddir.
Bu barədə “Report”a Trans-Adratik boru kəməri (TAP) ilə Azərbaycan təbii qazının Avropaya çatdırılmasına imkan verəcək interkonnektorun operatoru olan ICGB şirkətindən bildirilib.
“Yunanıstan-Bolqarıstan İnterkonnektoru hazırda Bolqarıstan ərazisində Akt 15 sənədini alıb. Boru kəmərinin istismara verilməsi ilə bağlı prosedurlar qrafik üzrə aparılır və kommersiya əməliyyatları oktyabrın 1-dən başlayacaq”, - şirkətdən qeyd edilib.
Xatırladaq ki, təbi qaz kəmərinin istismara tam hazır olduğunu təsdiq edən son icazə sənədi Akt-16-dır.
“Biz bütün lazımi sənədləri səlahiyyətli orqanlara təqdim etmişik. İnzibati prosedurların gələn həftənin sonuna qədər başa çatacağnı gözləyirik. Bununla kəmərin istismarı planlaşdırıldığı kimi, yəni oktyabrın 1-də kommersiya fəaliyyətinə başlayacaq”, - şirkətin Bolqarıstan və Yunanıstandan olan rəhbərləri - Teodora Vasilyeva və Corc Satlas deyiblər.