IGB Bolqarıstan ərazisi ilə təbii qaz ötürməsi üçün lisenziya alıb
- 05 noyabr, 2021
- 06:48
Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru Konserni (İnterconnector Greece – Bulgaria: ICGB AD) Bolqarıstan ərazisi ilə təbii qazın ötürülməsi üçün lisenziya alıb.
“Report”un konsernə istinadən verdiyi məlumata görə, Enerji və Su Tənzimləmə Komissiyasının (EWRC) dərc olunan qərarı ilə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun həyata keçirilməsinə cavabdeh olan layihə şirkəti 35 il müddətində təbii qaz nəqli fəaliyyətini həyata keçirə biləcək.
Gözlənilir ki, 50 il müddətinə oxşar qərarın Yunanıstanın enerji tənzimləyicisi RAE tərəfindən veriləcək. Lisenziyalaşdırma Yunanıstan ilə interkonnektorun əməliyyat mərhələsinə hazırlanması istiqamətində əsas addımdır və ICGB-nin qaz ötürülməsi üçün resurs baxımından, texniki və maliyyə cəhətdən hazır olduğunu təsdiq edir.
Layihə şirkətinin Bolqarıstanda uğurla lisenziyalaşdırılması IGB layihəsinin ümumi tənzimləyici hazırlığında son dərəcə vacib mərhələni qeyd edir. Bu təbii qazın ötürülməsi lisenziyasının alınması şirkətin müstəqil təbii qaz ötürmə operatoru kimi sertifikatlaşdırılması proseduruna başlamazdan əvvəl məcburi bir addımdır. Bolqarıstan və Yunanıstanın milli enerji tənzimləyiciləri və Avropa Komissiyasının təsdiqi ilə başa çatan prosesdir. Sertifikatlaşdırma ilə bağlı gələcək qərar ICGB-nin azad rəqabət adına müstəqil bazar davranışını formalaşdıra biləcəyinə zəmanət kimi çıxış edəcək.
ICGB-in icraçı direktorları Teodora Georgieva və Konstantinos Karayannakos bildiriblər ki, layihə şirkətinin uğurlu lisenziyalaşması sayəsində ICGB-in müstəqil təbii qaz ötürmə operatoru kimi sertifikatlaşdırılması ilə irəliləməsi üçün lazımi şərait yaradılır: “Amma daha da önəmlisi, bütün bunlar layihənin ardıcıl olaraq irəliləməsi üçün əsas addımlardır və layihənin əməliyyat mərhələsinə hazırlayır. Biz Bolqarıstan və Yunanıstanın milli hökumətlərinin fəal institusional dəstəyinə arxalanırıq. Layihənin mümkün qədər qısa müddətdə kommersiya istismarına verilməsinə nail olunacaq ki, bu da yalnız sertifikatlaşdırma prosedurunun uğurla başa çatmasından sonra baş verə bilər”.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.