2024-cü ilə qədər Türkiyədə bərpa olunan enerji mənbələri hesabına istehsalın həcminin 21 min mVt və yaxud 49 % artırılması gözlənilir.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, Beynəlxalq Enerji Agentliyinin (IEA) “Türkiyə 2021: Enerji Siyasətinin Qiymətləndirilməsi” hesabatında bildirilir.
Sənəddə həmçinin deyilir ki, son 20 ildə Türkiyənin əhalisi sayındakı artım, eləcə də bu ölkənin iqtisadi inkişafı onun enerji tələbatını və idxaldan asılılığını artırıb: “Türkiyə enerji təhlükəsizliyini təmin etmək üçün neft və təbii qaz yataqlarının axtarışlarını sürətləndirdiyi bir vaxtda Sakaryadakı qaz yatağının kəşfi əhəmiyyətli bir nəticə kimi ortaya çıxıb. Bu yatağın 2023-cü ildə istismarına başlanılması Türkiyənin qaz idxalından asılılığının 36 %, enerji idxalından asılılığının 10 % azalmasına hesablanıb”.
Bundan başqa, hesabatda qeyd olunub ki, son 5 ildə Türkiyə bərpa olunan enerji istehsalının həcmini 50 % artırıb, bu növ enerjinin ümumi istehsaldakı payını 44 %-ə çatdırıb: "Son nəticədə Türkiyə 2019-cu ildə bərpa olunan enerji potensialına görə dünyada 5-ci, istehsalının həcminə görə isə 15-ci olub. Hazırda bu ölkə günəş enerjisi potensialının 3 %-dən, külək enerjisi potensialının isə 15 %-dən istifadə edir".