İEA: Azərbaycanda istilik mövsümündə təbii qaz hasilatı 3 % artıb

Energetika
  • 24 aprel, 2024
  • 13:37
İEA: Azərbaycanda istilik mövsümündə təbii qaz hasilatı 3 % artıb

İstilik mövsümünü əhatə edən - ötən ilin oktyabr ayından 2024-cü ilin fevral ayının sonunadək olan dövrdə, Azərbaycanda təbii qaz hasilatı illik müqayisədə 3 % artıb.

Bu barədə “Report” Beynəlxalq Enerji Agentliyinin (İEA) “Gas Market Report, Q2-2024” hesabatında deyilir.

Hesabata əsasən, Azərbaycanda qaz hasilatının artmasına səbəb geniş qaz ixracı və kəskin daxili tələbatın artmasıdır.

Bu müddət ərzində ümumilikdə Avrasiyada təbii qaz tələbatı bir il öncəki dövr (2022-сi ilin oktyabr ayından 2023-cü ilin fevralın sonunadək) ilə müqayisədə 4 % artıb. Bununla yanaşı, Rusiyada nüvə enerjisinin aşağı səviyyədə olması qazla işləyən elektrik stansiyalarına tələbatı artırıb. Rusiyada təbii qaz hasilatı əvvəlki dövrlə müqayisədə 7 % artıb. Bu artım boru kəmərləri ilə qaz nəqlinin, Çin, Avropa və Mərkəzi Asiyaya ixracın, mayeləşdirilmiş təbii qaz, LNG tədarükünün və daxili tələbatın artması ilə bağlıdır.

Mərkəzi Asiyada təbii qaz hasilatı Qazaxıstan və Türkmənistanda artıb. Qeyd edilən dövrdə Özbəkistanda qaz hasilatı 8 % və ya 1,7 milyard kubmetr azalıb.

Hesabata əsasən, 2024-cü ildə dünya üzrə təbii qaza olan tələbat 2,3 % artacağı proqnozlaşdırılır. Proqnoza əsasən, dünya üzrə LNG tədarükünün məhdud artması səbəbindən idxal bazarlarında da 3 % və ya 16 milyard kubmetr artacağı gözlənilir. 2024-cü ildə artan qaz tələbatının təxminən 45 %-ini sənaye qazı təşkil edəcək. Bu da sürətlə böyüyən Asiya bazarlarında davamlı iqtisadi genişlənmə və Avropanın sənaye qazına olan tələbatının bərpası ilə əlaqədardır.

İEA qeyd edir ki, Rusiya boru kəmərləri ilə qaz tədarükü 2023/24 qış mövsümündə təxminən 25 % və ya 5 milyard kubmetr artıb. Baxmayaraq ki, bu, 2020/21 qış mövsümündəki səviyyədənn 70 % aşağıdır.

Bu müddət ərzində Avropa İttifaqına tədarük 9 % və ya 1 milyard kubmetr artıb. 2023-cü ilin oktyabrından 2024-cü ilin fevralına qədər Türkiyəyə ixrac illik müqayisədə 50 % artıb. Bu artıma baxmayaraq, 2023/24 qış mövsümündə Rusiya boru kəməri qazının Avropanın qaz ehtiyacında payı 10 %-dən aşağı olub.

Bu müddət ərzində Şimali Afrika və Azərbaycandan boru kəməri ilə nəql edilən qazın tədarükü əvvəlki istilik mövsümü ilə müqayisədə ümumilikdə eyni səviyyədə qalıb.

44 - Tezliklə