Bakı. 27 fevral. REPORT.AZ/ ABŞ neft hasilatının həcminə görə Rusiyanı ən gec 2019-cu ildə ötəcək.
"Report" xəbər verir ki, bu açıqlamanı Beynəlxalq Energetika Agentliyinin (IEA) rəhbəri Fatih Birol "Reuters" agentliyinə verib: "2019-cu ildə dəqiq ötəcək, bəlkə də, bu hadisə bu il baş verdi".
IEA rəhbəri qeyd edib ki, ABŞ-da şist neft hasilatı güclü templə artır: "Çox yaxında ABŞ əsas neft istehsalçısına çevriləcək".
Xatırladaq ki, ABŞ-da neft hasilatı 10-16 fevral həftəsində 10,27 mln. barel/günə çatıb. Bununla da ABŞ Səudiyyə Ərəbistanını ötərək Rusiyaya yaxınlaşıb. IEA fevral hesabatında ABŞ-ın orta illik neft hasilatının 2017-ci illə müqayisədə 1,26 mln. barel/gün və ya 13,5% artaraq 10,59 mln. barel/günə çatacağını bildirib.
F.Birol 2020-ci ilə qədər ABŞ-da neft hasilatının pik həddə çatmayacağını qeyd edib. Yaxın 4-5 ildə ABŞ-da neft hasilatının azalması müşahidə olunmayacaq.
IEA başçısı Kanada və Braziliya kimi ölkələrdə də hasilatın artacağını proqnozlaşdırır. Bu iki ölkə həmçinin neft bazarında güclü hərəkətverici qüvvə olacaq.