IAEE Bakıda nümayəndəlik açmağı planlaşdırır

IAEE Bakıda nümayəndəlik açmağı planlaşdırır Bakıdakı nümayəndəlik regional mərkəz kimi fəaliyyət göstərə bilər
Energetika
30 Avqust , 2016 11:09
IAEE Bakıda nümayəndəlik açmağı planlaşdırır
Report

Bakı. 30 avqust. REPORT.AZ/ Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyası (IAEE) Bakıda nümayəndəlik açmağı planlaşdırır. Bunu "Report"a açıqlamasında IAEE və Türkiyə Enerji İqtisadiyyatı Dərnəyinin prezidenti Gürkan Kumbaroğlu bildirib.

O, hazırda bununla bağlı danışıqlar aparıldığını qeyd edib. G.Kumbaroğlu Bakıdakı nümayəndəliyin regional mərkəz kimi fəaliyyət göstərə biləcəyini də istisna etməyib.

Dünən Bakıda işə başlayan IAEE-nin “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransından da danışan Assosiasiya prezidenti Bakıda ilkə imza atdıqlarını qeyd edib: "Enerji bazarında oyunçuların dəyişdiyi, kartların yenidən paylandığı bir dönəmdəyik. Bu baxımdan bizim həyata keçirdiyimiz bu ilk - regional konfrans seriyası böyük önəm daşıyır, çünki bugünə qədər Avrasiya bölgəsində enerji iqtisadiyyatı baxımından lazımlı çalışmaların, araşdırmaların, dəyərləndirmələrin əskik olduğu fikrindəyik. IAEE olaraq bu bölgədə üzvlərimizin sayı da azdır. İndi onu canlandırmaq üçün Bakıya gəlmişik və nəticələrimiz də çox yaxşıdır".

G.Kumbaroğlu konfransa 21 ölkədən 77 nəfərin qatıldığını və ilk dəfə keçirilən konfrans üçün bu rəqəmin çox önəmli olduğunu qeyd edib: "Burada IAEE-ni çox az adam tanıyırdı. Bu baxımdan uğurlu nəticə əldə etdiyimizi düşünürəm. 1977-ci ildə yaradılmış, 102 ölkədə 4 500-dən çox üzvü olan müstəqil bir təşkilat olaraq,  IAEE-nin bu bölgəyə gəlməsi, bu bölgədəki enerji bazarı və oyunçularını önəmsəməsi və buraya bir qatqı verməsi çox önəmlidir".

Avrasiya üzrə növbəti konfransın harada keçiriləcəyinə gəlincə isə Assosiasiya rəhbəri müxtəlif ölkələrdən təkliflər gəldiyini bildirib. Onun sözlərinə görə, Yunanıstan, Qətər, Qazaxıstan növbəti konfransın keçirilməsində maraqlıdır. O, növbəti konfransın yenidən Bakıda keçirilə biləcəyini də istisna etməyib. G.Kumbaroğlu, həmçinin bu bölgəyə yönəlmiş işləri artırmağı planlaşdırdıqlarını da əlavə edib.

Son xəbərlər

Orphus sistemi