Yuxarı

​İsveç ənənəvi yanacaqdan tamamilə imtina edir

İsveçdə nüvə stansiyalarının sayının da azaldılması planlaşdırılır

Bakı. 27 fevral. REPORT.AZ/ İsveçin energetika naziri İbrahim Baylan ölkəsinin təbii sərvətlərdən yaranan yanacaqdan asılılığını aradan qaldıran ilk ölkələrdən biri olmaq üçün önəmli addımlar atdıqlarını bildirib. "Report"un verdiyi xəbərə görə, İsveç artıq 2030-cu ilə qədər bu cür yanacaq növlərindən asılılığını tamamilə aradan qaldırmaq niyyətindədir.

Nazir təbii sərvətlərdən əmələ gələn yanacaqdan asılılığı aradan qaldırmaq və bərpa olunan enerji istehsalı sahəsində apardıqları çalışmalar nəticəsində bu sahədə ilk ölkə olmaq arzusunda olduqlarını bildirib. O, ənənəvi yanacaq növləri əvəzində hidroelektrik, geotermal, külək, meşə tullantıılarından və dəniz dalğalarından əmələ gələn enerjidən istifadə edəcəklərini qeyd edib. 

İ.Baylan hazırda İsveçdə mövcud 10 nüvə stansiyasından 4-nün 2020-ci ilə qədər bağlanacağını, qalan 6 stansiyaya nəzarət üçün isə parlamentdə bütün partiyalardan ibarət olan bir komitə yaradılacağını vurğulayıb. Parisdə 200 ölkənin iştirakı ilə keçirilən iqlim konfransına qatılan İ.Baylan burada alınan qərarlarla bərpa olunan enerji istehsalına keçidin vacibliyini, bunun üçün isə neft axtarışlarına son qoyulmasını zəruri sayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi